Namiq Əliyev: “Çalışmalıyıq ki, “düşmən dəyirmanına su tökənlərdən” olmayaq” AÇIQLAMA
“Yeni əsr Şərq ölkələri üçün düşərli olmadı”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib. Onun sözlərinə görə, İraq, Liviya, Suriya, Yəmən “Cəhənnəm adaları”na çevrildilər: “2016-cı ilin elə bu ayında qardaş Türkiyənin başına oxşar oyunu açmaq istədilər , amma türk xalqının Vətən uğrunda canından keçmək əzmi xain oyunu pozdu. Şərqdəki təlatümlər fonunda Azərbaycana “Sabitlik adası” desək, yəqin ki, yanılmarıq. Lakin hadisələrin gedişi göstərir ki, ölkəmizdəki bu sabitliyi xalqın əlindən almağa çalışan qüvvələr yatmayıblar... Dünyada gedən pərdə arxası qlobal mübarizələrin mahiyyətini dərindən bilən dahi siyasətçi Heydər Əliyev deyirdi: “Təsadüfi heç nə yoxdur”. Bu nəzər nöqtəsindən yanaşsaq, tam əminliklə demək mümkündür ki, Gəncədə baş vermiş son kriminal olaylar heç də təsadüfi xarakter daşımır. Arxasında, hələlik bizə dəqiq bəlli olmayan hansısa qüvvənin, xüsusi təşkilatın durduğu bu hadisə əvvəlcədən planlaşdırılmış fəaliyyətin nəticəsidir. Bəs ölkədə sabitliyin, asayişin pozulmasına hesablanmış bu terror aksiyasının arxasında kimlər dura bilər? Ümumiləşdirilmiş şəkildə bu sualın cavabı belədir:- Müstəqil, suveren bir dövlət olan Azərbaycanın mövcudluğunu istəməyən qruplar bu terror əməlinin arxasında dayanıblar. Təsadüfi deyil ki, Gəncə hadisələri haqqında ilk xəbərləri sevinclə yayanlar ermənilərə məxsus radio, televiziya və saytlar oldu... Hadisələrin mahiyyətini daha dərindən anlamaq üçün Azərbaycanda son dövrdə baş verənləri xatırlatmaq lazım gəlir. Bir neçə ay əvvəl olduqca sakit şəraitdə prezident seçkiləri keçirildi və həm daxildəki, həm də xaricdəki qüvvələr nə qədər cəhd etsələr də ölkədəki sabitliyi poza bilmədilər. Ardınca, əsrin ən böyük təbii qaz ixracı layihəsi olan Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP-ın möhtəşəm açılışı gerçəkləşdi. Daha sonra isə Naxçıvanda on bir min hektar ərazi düşmənin işğalından azad edildi və bu hadisənin şahidi olan bayraq Bakıdakı hərbi paradda nümayiş etdirildi. Eyni zamanda parad göstərdi ki, yaxın gələcəkdə qələbə rəmzinə çevrilən belə bayraqların sayı çoxalacaq. Gəncədə baş verən terror hadisəsi düşmənin xeyrinə olan aksiyadır. Təsadüfi deyil ki, Gəncə hadisələri haqqında ilk xəbərləri sevinclə yayanlar ermənilərə məxsus radio, televiziya və saytlar oldu... Bu hadisə Azərbaycanın dövlətçiliyi, milli maraqları, təhlükəsizliyi, asayişi, sabitliyi, rifahı, bu günü və gələcəyinə vurulan zərbədir. Amma Azərbaycan xalqı ayıqdır və Gəncədə iğtişaşa çağırışların arxasındakı mahiyyəti başa düşdüyündən aksiyaya dəstək vermədi. Gəncə polisi isə iki şəhid verməsinə baxmayaraq, mətinliklə vəzifəsinin öhdəsindən gəldi və qısa vaxt ərzində asayişi bərpa etdi. Hadisəni törədənlərin arxasındakı qaranlıq güclər informasiya meydanını da boş buraxmamışdılar. Onların tapşırığı ilə hərəkət edənlər sosial şəbəkələrdə qanlı cinayət hadisəsinə dini və sosial don geyindirməyə çalışırdılar. İnformasiya məkanındakı bu saxta, pərdələnmiş mübarizə terrorun özündən də təhlükəlidir. Odur ki, vətəndaşlarımız baş vermiş hadisənin görünən tərəfinə deyil, onun mahiyyətinə, kimlərə sərf etməsi tərəfinə diqqətlərini yönəltməlidirlər. Çalışmalıyıq ki, “düşmən dəyirmanına su tökənlərdən” olmayaq”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB