Onlar “zaman maşını” ilə 90-cı illərə geri dönə bilmədilər!

Onlar “zaman maşını” ilə 90-cı illərə geri dönə bilmədilər!

Əli Həsənov: “Bəzi “milli təəssübkeşlər” ölkəmizdə baş verən qəzanı şans sanıb iç üzlərini bütün çılpaqlığı ilə açdılar, ortaya kamillik deyil, rəzillik nümunəsi qoydular”

Məlum Mingəçevir hadisəsi və Gəncədə baş verən sui-qəsd olayının ardınca bir daha sübut olundu ki, ölkədə özlərini “müxalifət liderləri” elan edən ünsürlər – bəli məhz ünsürlər bir daha hakimiyyətdə olduqları dövrlərə necə deyərlər, geri dönməyə cəhd etdilər. İnsanları dağıdıcılığa, özbaşınalığa və xaosa çağıranlar sadəcə, bir həqiqəti unutmuşdular ki, onlar elə iqtidarlarını itirdikdən sonra, xalqdan təcrid olunublar. Belə ki, xalq onları rədd edib.

Bu arada, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Əli Həsənov sözügedən olaylarla bağlı sosial şəbəkədə yazdığı fikirləri ilə qeyd olunanların kifayət qədər münbit təhlilini aparıb və vurğulayıb ki, Azərbaycan dövlətinin rəhbəri, Prezident İlham Əliyevin baş verənləri dərhal öz nəzarətinə götürməsi dağıdıcı ünsürlərin arzularını ürəklərində qoydu. “...Mingəçevir İES-də baş vermiş qəzadan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Xüsusi Dövlət Komissiyası yaradıldı, dövlət başçısının tapşırığına uyğun olaraq müvafiq qurumlar operativ şəkildə qəzanın nəticələrinin aradan qaldırılmasına başladılar. Atılan addımlar nəticəsində proqnozlaşdırıla biləcək bütün mənfi halların qarşısı dərhal alındı, ən əsası isə, vətəndaşlarımızın həyatı qorundu, insan tələfatına yol verilmədi və çox qısa zaman kəsiyində elektrik enerjisi təminatı bərpa olundu”-deyə yazan Əli Həsənov onu da qeyd edib ki, dövlət qurumları qəzanın nəticələrini aradan qaldırmağa çalışarkən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı sui-qəsd həyata keçirildi, onun özü və mühafizəçisi yaralandı. “Məsələ barədə dərhal Azərbaycan Prezidentinə məruzə olundu, dövlət başçısının tapşırıqları alındı, cinayəti törədən şəxs isti izlərlə tərksilah edilərək saxlanıldı”-Prezident köməkçisi xatırladıb.

“Təəssüf ki, hərdən insan fəlakətini, fövqəlada qəza və kriminal hadisələri özünə maddi və siyasi dividend mənbəyi hesab edən fürsətcillər, insan ölümündən xüsusi zövq alan şəxslər də tapılır”

Söz yox ki, Əli Həsənov bu cür fövqəladə hallarda bütün xalqın bir yerdən çıxış etməsi zəruriliyinə də toxunub və xatırladıb ki, baş verənlərdən məhz hadisələrdən zövq alanlar, fövqəladə və kriminal olaylardan siyasi dividend güdənlər yararlanmağa səy göstərdilər: “...Belə hallarda məmurundan tutmuş adi vətəndaşına, iqtidarından tutmuş müxalifətinə, ziyalısından fəhləsinə qədər – hər bir təbəqə, hər bir sağlam düşüncəli insan ümumi işə töhfə vermək üçün əlindən gələni etməli, bunu bacarmadıqda isə, ən azından işə mane ola biləcək artıq hərəkətlərdən çəkinməli, süni gərginlik yarada biləcək hərəkətlərə yol verməməlidir. Lakin təəssüf ki, hərdən insan fəlakətini, fövqəlada qəza və kriminal hadisələri özünə maddi və siyasi dividend mənbəyi hesab edən fürsətcillər, insan ölümündən xüsusi zövq alan şəxslər də tapılır”.

“Allah eləməsin, belələri indiki təfəkkür və mövqe ilə bir neçə il hakimiyyətdə qalsaydı gör nələr yaşanardı?”

Daha bir arzuolunmaz hal xarici ölkələrdə oturub Azərbaycan dövlətinin maraqlarına balta vuranların haray-həşirləri oldu. Əli Həsənov bu məsələyə də özünəməxsus şəkildə toxunaraq yazıb: “Yenə də müxalifətin radikal kəsimi və xarici ölkələrdə məişət müxalifətçiliyi edən bəzi “milli təəssübkeşlər” ölkəmizdə baş verən qəzanı şans sanıb iç üzlərini bütün çılpaqlığı ilə açdılar, ortaya kamillik deyil, rəzillik nümunəsi qoydular. Onlar qaranlıq gecəni “məxfilik pərdəsi” hesab edərək insanları “bankları dağıtmağa”, “Azadlıq” meydanına çıxmağa, Gəncədəki cinayəti – dövlət məmurunun həyatına sui-qəsdi “digər şəhərlərdə də təkrarlamağa” çağırışlar etdilər. Onların bir çoxunun saxta profillərdə gizləndiyi, bəzi qonşu dövlətlərin uzantısı olduğu az-çox siyasətdən başı çıxan hər kəsə məlumdur. Amma bu sırada 1992-1993-cü illərdə Azərbaycanda dövlət katibi, dövlət müşaviri, nə bilim nazir, icra başçısı, prokuror, polis rəisi, hərbi hissə komandirinin olduğunu görüncə, yaxud sabah ölkəmizdə prezident, ölkə başçısı, parlament sədri olmaq istəyən “siyasi xadimlər”i müşahidə edəndə sağlam düşüncəli insanı dəhşət bürüyür. Bunlar o illərdə ölkəmizi necə və hansı təfəkkürlə idarə ediblər?! Allah eləməsin, belələri indiki təfəkkür və mövqe ilə bir neçə il hakimiyyətdə qalsaydı gör nələr yaşanardı? Yaxud, Allah eləməsin, onlar gələcəkdə ölkənin sükanını əllərinə keçirsələr nə olar?”

Beləliklə, yazdığı fikirlərində əsasən, bu gün “Milli Şura”, AXCP, Müsavat və s. dağıdıcı müxalifət təşkilatlarının “liderləri” növbəti dəfə xalqın hiddəti ilə qarşı-qarşıya qalaraq, sağlam düşüncəli ictimai rəydən çıxdaş olundular. Sanki “zaman maşınına” minib qaragüruh 90-lara geri qayıdacaqlarını zənn edən bu ünsürlər kimsəyə lazım olmayan həyatlarının növbəti qara səhifəsini yazdılar. Belə səhifələri isə kimsə vərəqləmir, yalnız özlərindən başqa...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə