İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə "Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının beynəlxalq və regional səviyyədə effektiv xarici əlaqələrin qurulmasına yardım" adlı layihənin icrasına başlayıb. İTM-dən SİA-ya verilən məlumata görə, layihənin məqsədi yerli QHT-lərin regional şəbəkələrə qoşulmasına, onların effektiv xarici əlaqələrinin qurulması imkanlarının genişləndirilməsinə texniki-metodiki dəstək verməklə Azərbaycan vətəndaş cəmiyyəti institutlarının potensialının beynəlxalq arenada reallaşdırılmasına nail olmaq, onların institutsional və dayanıqlı inkişafına töhfə verməkdir.
Layihə rəhbəri Dünya Camalovanın sözlərinə görə, Azərbaycan QHT-lərinin Avropadakı həmkarları ilə əlaqələri çox məhduddur: "Halbuki regional və Avropa şəbəkələriylə sıx əməkdaşlıq yerli QHT-lərə həm zəruri informasiyalara çıxış, həm mütərəqqi təcrübədən bəhrələnmək, həm də öz fəaliyyətini genişləndirmək üçün əlverişli şərait yaratmış olar. Digər tərəfdən, onlar Avropa institutlarının regional əməkdaşlıq tələb edən müsabiqələrinə qatılmaq imkanı əldə etməklə öz maliyyə dayanıqlığını təmin etməyə də nail olarlar."
Layihə çərçivəsində əsas fəaliyyət Avropa QHT şəbəkələri, onların fəaliyyət prinsipləri, üzvlük prosedurları və sair barədə ətraflı məlumatları yerli QHT –lərə çatdıran, həmçinin bu şəbəkələrə üzvlük prosedurlarının keçilməsində onlara yardım göstərən məsləhət xidmətinin təşkilidir. QHT-lər bu xidmətdən şəbəkələrə üzvlük üçün ərizə formalarının doldurulmasından onların İnternet resurslarından istifadəyə qədər geniş bir sahədə yardım ala biləcəklər. Xidmət 04 dekabr 2010-cu ildən fəaliyyətə başlayacaq: "Avropa QHT şəbəkələri barədə məlumat əldə etmək, onlarla üzvlük prosedurlarını keçməkdə maraqlı olan bütün QHT-lər xidmətdən bəhrələnə bilərlər. Bunun üçün 25 noyabr 2010-cu il tarixindən Mərkəzimizə müraciət etmək lazımdır."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB