Yaxud, Vasif Sadıqbəylinin gedişi kimlərin yolunu açdı?
Müsavatın məclis üzvü Vasif Sadıqbəylinin partyadan istefasının ardınca, onun başqan Arif Hacılını ittiham etməsi və yola getməməsinə dair qısa fikirlər səsləndirməsi, eləcə də siyasi təşkilatdan növbəti istefaların olacağına işarə vurması artıq bütün kartların açıldığını göstərir. Belə ki, növbəti sensasion istefanın hazırda Müsavatın icra aparatının sədri vəzifəsini icra edən Gülağa Aslanlı tərəfindən veriləcəyi istisna edilmir. SİA xəbər verir ki, bu barədə partiyaya yaxınlığı ilə seçilən mənbə bildirib və V.Sadıqbəylinin Qubad İbadoğlunun rəhbərlik etdiyi “Azərbaycan Demokratiya və Rifah” hərəkatına (“ADR”) tranfer olunacağı ehtimalının əsasında da bu amilin dayandığı bildirilir. Daha dəqiq desək, Q.İbadoğlu hələ Müsvat partiyasında iqtisadi məsələlər üzrə başqan müavini postunu tutarkən, tez-tez xarici ölkələrə səfər etməklə, müxtəlif qrant layihələrini reallaşdıraraq, bu gün onun hərəkatında yanında olan şəxslərə müəyyən məbləğlər ödəyib. V.Sadıqbəyli də həmin qrantlardan mükafatını alıb və indi həmin qrantların əvəzini Müsavatdan istefası ilə çıxır.
Gülağa Aslanlı vaxtilə Qubad İbadoğlunun qrant layihələrindən bəhrələnib
Əbəs deyil ki, onun Müsavatdan istefası baş verər-verməz digər başqan müavinləri – Səxavət Əlisoy, Vurğun Əyyub, partiyanın qadınlar birliyinin sədri Ellada Məmmədli dərhal bu addımı təkrarladılar. Məhz bu amil də belə deməyə zəmin yaradır ki, onlar Q.İbadoğlunun qrant layihələrindən kifayət qədər yararlanıblar və hazırda “ADR” hərəkatında təmsil olunurlar.
Gülağa Aslanlıya gəlincə, onun özü də Q.İbadoğlunun necə deyərlər, “əliaçıqlığından” pay alıb, qrant layihələrini reallaşdırmaqda yardımçı olub, maliyyələrdən bəhrələnib. Lakin Müsavatın qalmaqallı qurultayından və saxta başqan seçkilərində Arif Hacılının həmin vəzifəyə seçilməsindən sonra G.Aslanlı sabiq başqan İsa Qəmbərin təkidi ilə orada qaldı. İndi isə partiyada qruplaşmaların didişmələri, hətta İ.Qəmbərin müdaxilələrinə rəğmən, siyasi təşkilatın çöküşünün qarşısının alınmaması G.Aslanlının istefa vermək fikrini daha da reallaşdırır.
Baş verənlərin fonunda görünən budur ki, Müsavat partiyasının siyasi ölümə doğru getməsi artıq fakta çevrilib
Belə olan vəziyyətdə isə getmək istəyənlərin artacağına şübhə etmək olmaz. Çünki A.Hacılı və qardaşı Mustafa Hacıbəylinin Müsavatı özünküləşdirmək cəhdləri daha öncələr də istefalara səbəb olub. Hətta Müsavatda uzun illər can qoymuş şəxslərin adlarını da xatırlada bilərik: Mehman Muradlı, Daşqın Qaraşlı, Məhəmməd Murad, Vaqif Mustafaoğlu, Əhliman Abbaslı, Tural Abbaslı, Zakir İsmayılov və siarləri – onların hər biri bilavasitə partiyanın saxta qurultayına etiraz edərək istefa vermişdilər. Onu da qeyd edək ki, bənzər istefalar mənzərəsində A.Hacılının susqun davranması da diqqət çəkir və bu amil də belə deməyə əsas verir ki, əslində o, partiya sıralarının azalmasının tərəfdarıdır. Çünki bu zaman o istədiklərini daha rahat şəkildə reallaşdırmağa çalışacaq və mane olan olmayacaq. Ancaq baş verənlərin fonunda görünən budur ki, Müsavat partiyasının siyasi ölümə doğru getməsi artıq fakta çevrilib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB