Yaxud, yeni müxalifət yarana bilərmi?
Seçkilər başa çatar-çatmaz son nəfəslərini alan radikal müxalifət partiyalrı artıq siyasi səhnədən silinəcəklərini dərk etməyə başlayıblar. Radikal müxalifət partiyaları deyərkən, burada yalnız özlərini “aba müxalifət” partiyaları elan etmiş AXCP, Müsavat və s. irili-xırdalı partiyalar deyil, eləcə də uzun illər ölkənin siyasi arenasında mövcud olan, lakin fəaliyyətləri ilə nəzərə çarpa bilməyən, gah radikallaşan, gah da loyallaşan KXCP, ADP, AXP, ALP, ALDP, AzDP, VİP, hətta zaman-zaman parlamentdə yer almış VHP, “Ümid”, AMİP tipli siyasi təşkilatları da göstərmək olar. Çünki ciddi müxalifət qüvvəsi olaraq, nə xalq tərəfindən nə də tərəfdaşları tərəfindən dəstək qazana bilməyən, adları çəkilən və çəkilməyən partiyalar öz siyasi ömürlərini başa vurmaqdadırlar.
Öz kreslolarını təhvil vermək fikrində olmadıqlarını sərgiləyən “liderlər” bu məsələnin gündəmdən çıxmasına çalışdılar, hətta nail oldular
Xatırladaq ki, hələ 2003-cü ilin prezident və 2005-ci ilin parlament seçkilərindən sonra təməlləri parçalanmağa başlayan müxalifət partiyaları o zamanlar məhvə doğru irəlilədiklərinin fərqinə varmağa başladılar və onda partiyaların yeni nəsillə əvəzlənməsi məsələsi gündəmə çıxarıldı. Ancaq öz kreslolarını təhvil vermək fikrində olmadıqlarını sərgiləyən “liderlər” bu məsələnin gündəmdən çıxmasına çalışdılar, hətta nail oldular. 2008-2013-cü ilin prezident seçkiləri, eləcə də 2010-2015-ci ilin parlament seçkiəri də müxtəlif bəhanələrlə necə deyərlər, yola verildi və müxalifət həmin müddətdə də öz nimdaşlığını saxlamağa müyəssər oldu. Düzdür, ötən illər ərzində partiya sədrliklərini təhvil verənlər də oldu, ancaq onların təsir gücləri bu gün də siyasi təşkilatları üzərində qalmaqda davam edir. Misal üçün, İsa Qəmbər bu gün də Müsavata nəzarət gücünü saxlayır, eləcə də Pənah Hüseyn sədrlikdən istefa versə də, sonradan yenidən AXP-yə sədr seçildi. O cümlədən, ALP sədri Lalə Şövkətin ALP-yə nəzarəti bu partiyanın sədri Əvəz Temirxan olsa da qalmaqda davam edir. Bütün bunlar isə köhnə və naftalin qoxusu verən müxalifətin iş üzünü bir daha qabarıq fonda nümayiş etdirir.
Ölkədə formalaşmış radikalizm və xarici qüvvələrlə iş birliyi məsələsi əks-düşərgənin ən zəif nöqtəsidir
Lakin fakt budur ki, dünyanın siyasi təcrübəsinə görə, nüfuzlu siyasətçilər partiyanı tərk edib, onların boş qalmış yerinə gənclər təyin olunub. Azərbaycanın dırnaqrarası müxalifətində isə belə hallar ümumiyyətlə qəbul olunmur. Əksinə, partiyalar daxilində kreslo uğrunda ziddiyyətlər baş qaldırır, qruplaşma didişmələrinin sayı isə “n” qədərdir. Bu gün AXCP-nin 4-5 yerə, Müsavatın da eyni rəqəmlərə, AMİP-in iki yerə - VİP-ə, ADP-nin də iki yerə - “GAP”a və sairələrinin müxtəlif cinahlara parçalanması bütün bunları yetərincə sübuta yetirmiş olur.
Hazırda köhnə müxalifəti dəyişməyə cəhd edən “Ağ Partiya”, “REAL”, “ADR” hərəkatı və daha bir neçə təşkilatlar var ki, onların məqsədlərinin reallaşması da mümkün görünmür. Hər halda, ölkədə formalaşmış radikalizm və xarici qüvvələrlə iş birliyi məsələsi əks-düşərgənin ən zəif nöqtəsidir. Halbuki, bir çoxları yeni yaranarkən, yalnız milli dövlətçilik maraqlarına xidmət edəcəklərini, müxalifətçiliyin xəyanətlə əvəz olunmayacağını iddia edirlər. Lakin atalar demişkən, sən saydığını say, gör fələk nə sayır...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB