İrəvanda qanlı toqquşmalar qaçılmazdır VİDEOLAR

İrəvanda qanlı toqquşmalar qaçılmazdır VİDEOLAR

Artıq bir həftəyə yaxındır ki, Ermənistanın paytaxtı İrəvan şəhərində keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə etiraz əlaməti olaraq bir qrup müxalifət tərəfdarının başladığı qarşıdurmalar geniş vüsət almaqdadır. Hökumət binalarının paytaxtda blokadaya alınmasının ardınca ölkənin yaxın-uzaq bölgələrində də etiraz aksiyaları başlanıb. İri şəhərlərdə etirazçılarla polis qüvvələri arasında toqquşma barədə xəbərlər gəlməkdədir. Bu gün isə paytaxt İrəvanda keçirilən aksiyalar zamanı 20 nəfər saxlanılıb. Bu barədə İrəvan polisi məlumat yayıb.

Hakimiyyət aksiya iştirakçılarına qarşı xüsusi təyinatlı dəstələr göndərib. Aksiya iştirakçılarına qarşı xüsusi təyinatlı dəstələrin zor tətbiq etdiyi yayılan videolarda da əksini tapıb.

İrəvanın "Respublika" meydanında bu gün yenidən etiraz aksiyalarına start verilib. Etirazçılarla bərabər hökumət binasının ətrafına külli miqdarda polis yığılıb. Etirazın ilk dəqiqələrindən etibarən polis həbslərə başlayıb. İrəvan polisi mitinq iştirakçılarının gözlənilməz istiqamətlərdə hərəkətlərilə bağlı bəyanatını “ciddi təhlükə” adlandırıb. Polisdən bildirilib ki, dövlət idarələri xüsusi qorunan obyektlər hesab olunur və polislərin də vəzifəsi həmin obyektləri təhlükə olacağı təqdirdə, silah gücünə də olsa, qorumaqdır.

“News.am” saytı xəbər verir ki, “Mənim addımım” təşəbbüsünün lideri, Vətəndaş müqaviləsi” Partiyasının lideri, “Yelk” parlament fraksiyasının deputatı Nikol Paşinyanın rəhbərlik etdiyi nümayişçilər hökumət binasının ətrafında yerləşməkdədirlər. Nikol Paşinyan dünən İrəvanın Respublika meydanında keçirilən mitinqdə bildirib ki, aprelin 19-da yeni baş nazir Serj Sarkisyanın sədrliyi ilə hökumətin birinci iclası olacaq. Paşinyan hökumətin işini bloklamaq üçün heç kimə binaya girməyə icazə verməməyə çağırıb. Polis isə hökumət binasının qarşısında toplaşan nümayişçiləri həbs etməyə başlayıb. Paşinyan polisləri silahı yerə qoyaraq təslim olmağa və onlara qoşulmağa çağırıb.

“Ermənistanda qeyri-stabil vəziyyət davam etdikcə, Qarabağda eskalasiya riski yüksəlir”. Bunu açıqlamasında rusiyalı hərbi ekspert Aleksandr Perendjiyev müxalifətin aksiyasını şərh edərkən deyib.

Onun fikrincə, Sarkisyan rejimi köhnə taktikanı yenidən işə salır: mülki əhaliyə hücum etməklə Azərbaycan Ordusunu cavab atəşi açmağa vadar etməklə, Bakını hücum edən tərəf kimi göstərmək və cəbhədə vəziyyəti gərginləşdirməklə diqqəti ölkədaxili proseslərdən yayındırmaq istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə