Lev Spivak: "Azərbaycan seçkilər prosesinin təşkilində böyük inkişaf nümayiş etdirdi"

Lev Spivak: "Azərbaycan seçkilər prosesinin təşkilində böyük inkişaf nümayiş etdirdi"

Azərbaycan seçkilər prosesinin təşkilində böyük inkişaf nümayiş etdirdi. SİA-nın verdiyi məlumata görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanda prezident seçkilərini müşahidə edən İsrail nümayəndə heyətinin rəhbəri, “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak deyib.

L.Spivak həmçinin bütün seçki məntəqələrində seçici fəallığının müşahidə edildiyini xüsusi vurğulayıb: "Səsvermə pozuntularsız keçib. Bilərəkdən bizi əvvəlcədən planlaşdırılmamış seçki məntəqlərinə aparmalarını istədik. Bütün məntəqələrdə eyni tendensiyanı müşahidə etdik - seçkilər dəqiq, qüsursuz keçirdi. Loqistika çox yaxşı təşkil olunmuşdu. Yüksək texnologiyaların tətbiq edilməsini xüsusi vurğulamaq istəyirəm. Hətta yüksək texnologiyalar ölkəsi sayılan İsraildə belə hələ indi kameraların tətbiq edilməsi məsələsi müzakirə olunur".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.

Bütün xəbərlər Facebook səhifəmizdə