MSK üzvü: “KİV nümayəndələri üçün yaddaş kitabçası dərc olunub" MÜSAHİBƏ-YENİLƏNİB - SƏS TV
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazovun SİA-ya müsahibəsi:
- İlkin müəllim, Azərbaycanda aprelin 11-də növbəti prezident seçkiləri keçiriləcək. Seçki prosesinə start veriləndən indiyə qədər baş verənləri nəzərdən keçirsək, Azərbaycanda seçki mühitini necə dəyərləndirmək olar?
-Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilər prosesi və həyata keçiriləcək hərəkətlərin “Təqvim Planı”nı təsdiq edilib. Həmin “Təqvim Planı”nına əsasən namizədlər irəli sürülüb və 8 namizəd qeydə alınıb. MSK öz səlahiyyətləri çərçivəsində həmin namizədlərə bərabər şərait yaradıb. Belə ki, namizədlərə öz təşviqatlarını aparmaqdan ötrü artıq 84 açıq və qapalı yerlər ayrılıb. Bu təşviqat aparmaq üçün daimi yerlərdir. Həmin yerlər respublikanın bütün coğrafiyasını əhatə edir. Bundan əlavə MSK tərəfindən bütün seçki subyektlərini əhatə edəcək geniş miqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib. Bunlardan xüsusilə dairə seçki komissiyaları (DSK) sədrləri üçün maarifləndirmə tədbirini, aşağı seçki komissiyaları üçün yerlərdə keçirilən üç günlük maarifləndirmə tədbirlərini və bütün respublikanı əhatə edən, genişliyi baxımından treninqlər üçün treninq tədbirini qeyd etmək lazımdır. Bundan əlavə MSK müşahidəçilər üçün yaddaş, KİV nümayəndələrinə aid seçki üçün yaddaş, aşağı seçki komissiyalarının üzvləri üçün səsvermə gününə aid yaddaş ləvazimatları dərc edib.
Qeyd etmək lazımdır ki, müşahidəçilər üçün yaddaş üç dildə - Azərbaycan, rus və ingilis dilində çap olunub. Bunların rus və ingilis dilində dərc olunmasının əsas səbəbi beynəlxalq müşahidəçilərin 2018-ci il aprelin 11-də keçiriləcək seçkilərə marağından irəli gəlir. Belə ki, artıq 312 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Onlardan 34 beynəlxalq təşkilatdan və 47 ölkədən olan müşahidəçilərdir. Artıq ATƏT-in uzunmüddətli müşahidə missiyası da fəaliyyətdədir və onlar burada öz müşahidələrini aparırlar. Qısamüddətli müşahidəçilərin gəlişi də gözlənilir.
Seçki Məcəlləsinin tələbinə əsasən seçki komissiyalarının fəaliyyəti aşkar olunmalı və ictimaiyyətə açıq olmalıdır. Bu səbəbdən də MSK tərəfindən seçki məntəqələrində 1000 min ədəd veb-kamera quraşdırılıb. Bu veb-kameraların qurşadırılması, onlardan istifadə qaydaları MSK tərəfindən təsdiq edilmiş təlimata əsasən nizamlanır. Bu veb-kameraların qurşadırılması aşkarlıq prinsipinin bərqərar olmasında çox mühüm rol oynayır. Dünyanın istənilən yerindən onlayn (online) arası kəsilmədən səsvermə prosesini izləmək mümkün olacaq.
- İşğal altında olan ərazilərimizdə seçkilərin təşkili necə həyata keçiriləcək?
- Bizim məcburi köçkünlərin səsvermə hüququ bundan əvvəlki seçkilərdə olduğu kimi aprelin 11-də keçirləcək prezident seçkilərində də təmin olunacaq. Onların səsverməsi üçün dairələr vardır. Məcburi köçkünlər həmin məntəqələrdə konstitusion hüququ olan seçki hüququndan istifadə edəcəklər və öz iradələrini seçkilərdə bildirəcəklər.
- Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə yaşayan və yaxud müvəqqəti olaraq xarici ölkələrə ezam olunan bəzi soydaşlarımız var ki, onların səsvermə hüququ hansı formada təşkil ediləcək. Bu istiqamətdə MSK nə kimi işlər görüb?
- Seçki Məcəlləsinin tələbinə əsasən prezident seçkiləri və referendum zamanı ölkə hüdudlarından kənarda səsvermə məntəqələri yaradılır. Həmin məntəqələr Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində Azərbaycan vətəndaşlarının səsverməsi üçün yaradılır. Bu məntəqələr prezident seçkiləri ilə əlaqədar da mövcuddur. Onlar üçün bütün şərait yaradılıb. Onu da qeyd etmək istəyirəm ki, səsvermə günü səs verəcək məntəqədə məntəqə ərazisində olmayan seçicilərin də səsverməsi üçün Seçki Məcəlləsində müəyyən edilmiş qaydada qeydiyyatdan çıxma vəsiqələri sənəd kimi mövcuddur. Həmin qeydiyyatdan çıxma vəsiqəsini məntəqə seçki komissiyalarından seçicilər alaraq respublikadan kənarda olmaqla yanaşı respublika ərazisində də səs verə bilərlər.
- İlkin müəllim, bu seçkilər heç şübhəsiz ki, həm yerli, həm də xarici mətbuatın diqqət mərkəzindədir. Bilmək istərdik ki, MSK KİV-lə əlaqələri necə qurub?
- Kütləvi İnformasiya Vasitələri (KİV) ilə MSK tərəfindən bu yaxınlarda tədbir keçirildi. Həmin tədbirdə KİV-lərin seçkilərdə rolu, onların hüquq və vəzifələri mövzusunda müzakirələr aparılmışdı. KİV-lərin səsvermə prosesini işıqlandırmasında rolu mühüm əhəmiyyətə malikdir. Onların səsvermə prosesində iştirakları birbaşa qanunvericiliklə tənzimlənir. Beləki Seçki Məcəlləsinin müddəalarına əsasən KİV-in səsvermə prosesini tam işıqlandırmaq, cəmiyyətə çatdırmaq kimi hüquqları var. Təbii ki, bununla bağlı da MSK tərəfindən KİV nümayəndələri üçün yaddaş kitabçası dərc olunub.
- Son olaraq, qapalı tipli müəssisələrdə seçkilər prosesi hansı formada həyata keçiriləcək?
- MSK Ədliyyə Nazirliyinin Pentensiar Xidməti ilə birgə geniş maarifləndirmə tədbiri keçirmişdi. Azadlıqdan məhrumetmə yerlərində olan seçicilərin də konstitusion hüququ olan seçki hüququ tam təmin olunacaq. Yəni həmin müəssisələrdə səsvermə prosesi təşkil olunacaq. Beləcə orada olan şəxslər də öz səsvermə hüququndan istifadə edəcəklər. MSK tərəfindən bu sahədə olan lazımi qanunvericiliyin tələbinə əsasən bütün hərəkətlər görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB