Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir TƏHLİL

Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir TƏHLİL

"Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir, bu gün var və gündən-günə güclənir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir. Çünki bizim siyasətimiz ictimaiyyət tərəfindən dəstəklənir və ictimaiyyət də görür ki, bizim siyasətimiz real, konkret nəticələrə gətirib çıxarır". Bu fikirləri çıxışlarında dəfələrlə qeyd edən Prezident İlham Əliyevin əsas diqqət göstərdiyi məsələ bütün uğurlara yol açan sabitlik amilidir.

Son 15 ildən artıq dövr ərzində Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Cənab İlham Əliyev həyata keçirdiyi siyasətin önündə sabitliyin və təhlükəsizliyin qorunmasını nəzarəti altında saxlayaraq, bildirir ki, sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bir məqamı da nəzərə alsaq ki, demokratiya sabitliyin və qanunun aliliyinin təmin olduğu şəraitdə inkişaf edir, bu halda, Azərbaycanın uğurları təqdirəlayiqdir. Sabitliyin təminatında, ölkədə mövcud ab-havanın yüksək səviyyədə olmasında isə əsas faktor xalq-iqtidar birliyinə həmrəyliyidir.

Xalqın Prezidentinə inamının böyük olduğu ölkədə narazılıqlardan bəhs etmək qeyri-mümkundür. Həyata keçirilən təkmil islahatların uğurlu nəticələrini gündəlik həyatlarında hiss edən xalqımız irəli sürülən təşəbbüsləri dəstəkləməklə, Azərbaycanın hərtərəfli inkişafına öz töhfələrini verirlər. Cənab İlham Əliyev 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı ilk gündən bəyan etmişdir ki, iqtisadi inkişaf əsasdır: "Çünki hər şey iqtisadiyyat üzərində qurulub. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaqdır".

Prezident İlham Əliyev bildirir ki, sosial-iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Yəni insan amili dövlət siyasətinin əsasıdır. Daim özünə diqqət və qayğının şahidi olan xalqımız həyata keçirilən siyasətə dəstəklərini Cənab İlham Əliyevin ətrafında sıx birləşməklə təsdiqləyirlər. Azərbaycanın regionda sabitləşdirici faktor kimi tanınması və nüfuz qazanmasında da xalq-iqtidar birliyinin rolu böyükdür.

Siyasi və iqtisadi islahatların paralel şəkildə aparılması davamlı uğurlara yol açır. Bu gün Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Demokratikləşmə prosesinin sürətləndirilməsinin ölkənin hərtərəfli inkişafında əsas olduğunu önə çəkən dövlətimizin insan hüquq və azadlıqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi, vətəndaşların sərbəst toplaşmaq azadlıqlarının, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının normal fəaliyyətlərinin təminatı istiqamətində atdığı addımların nəticələri göz önündədir.

Bu fakt da inkaredilməzdir ki, ölkəmizin sürətli demokratik və iqtisadi inkişafını qısqanclıqla qarşılayan xarici qüvvələr var. Onlar hər vəchlə inkişafa kölgə salmaq üçün qeyri-ciddi fikirlər səsləndirir və ətrafında geniş müzakirələr aparırlar.Əsas odur ki, belə əsassız və məqsədli kampaniyaları reallıqlarımızla cavablandırırıq. Azərbaycan demokratiya yolunda inamla irəliləyir, demokratiya strateji kursumuzun əsasını təşkil edir və heç bir qüvvə ölkəmizi bu yoldan döndərə bilməz. 2013-cü ilin yanvarında Avropa Şurasının qış sessiyasında "siyasi məhbus"larla bağlı hesabatın gündəmə gətirilməsi də anti-Azərbaycan qüvvələrin çirkin niyyətlərinə işıq saldı. Amma ölkəmizin xeyrinə atılan addım bir daha yalanın və qərəzin həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünü ortaya qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında Azərbaycana qarşı qərəzli kampaniyanın aparılmasından bəhs edərkən bu məqamı xüsusi qeyd edib: "2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında da əlamətdar hadisə baş vermişdir. Yanvar ayında sessiyada Azərbaycana qarşı əsassız, qərəzli və ikili standartlar əsasında təşkil edilmiş hücum fiaskoya uğramışdır. Assambleyada böyük əksəriyyət anti-Azərbaycan kampaniyasına qoşulmamışdır, bu, kampaniyanın təşəbbüskarlarını, o cümlədən, pərdəarxası təşəbbüskarlarını məyus etmiş və Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir. Siyasi amillərlə şərtlənən qətnamənin layihəsi keçmədi və Azərbaycanın mövqeyi üstünlük təşkil etdi. Beləliklə, Azərbaycan beynəlxalq arenada növbəti qələbə qazanmışdır".

Ölkə Prezidenti bu mühüm hadisəni ədalətin təntənəsi kimi dəyərləndirərək, qeyd etmişdir ki, haqq-ədalət həmişə zəfər çalmalıdır: "Azərbaycan öz prinsipial, ədalətli mövqeyini nümayiş etdirdi və assambleyanın qərarı anti-Azərbaycan qüvvələrinə vurulan ən böyük zərbələrdən biridir. Hesab edirəm ki, bundan sonra onlar və onların arxasında dayanan anti-Azərbaycan qruplaşmalar özləri üçün nəticə çıxaracaqlar".

Göründüyü kimi, ölkəmizdəki sabitlik, davamlı inkişaf və vətəndaş cəmiyyətinin formalaşması ilə xarakterizə edilən iqtisadi tərəqqi Azərbaycanda demokratik təsisatların inkişafı üçün etibarlı zəmin yaradır. Eyni zamanda, dövlətimizin hərtərəfli inkişafa xidmət edən islahatları zamanın, dövrün tələblərinə uyğun olaraq təkmilləşdirməsi, hər bir yeniliyin ayrı-ayrı sahələrin inkişafına yönələn qanunlarda öz əksini tapması Azərbaycanın ən islahatçı ölkə kimi beynəlxalq maliyyə qurumlarının hesabatlarında yer almasını şərtləndirir. Bu uğurumuza bir əlavə də var ki, Azərbaycan dünyanın 10 xoşbəxt ölkəsi sırasındadır. Təbii ki, bu xoşbəxliyi ölkəmizə, xalqımıza qazandıran Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.

On beş illik zaman Azərbaycanın inkişaf tarixinə hər sahədə önəmli səhifələr yazıb. Bu səhifələri şərtləndirən əsas amillər. təbii ki, xalqın iradəsi, dövlətin qətiyyəti, zamanın tələblərinə uyğun olaraq təkmilləşən islahatlar, ən əsası insan amilinə verilən dəyərdir. "Hakimiyyətin əsas mənbəyi xalqdır" söyləyən Cənab İlham Əliyev bildirir ki, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi atılan addımların davamlılığı üçün stimuldur. Nə zaman xalq görülən işlərdən razı qalarsa, onda mən də razı olaram.

Xalq isə 2003-cü ildən ötən 14 ildən artıq dövr ərzində bu razılığını ölkədə keçirilən seçki proseslərində ifadə edib. 2008 və 2013-cü il prezident seçkiləri bu dəstəyin bariz nümunəsidir. 2013-2018-ci illərin uğurları isə 11 aprel prezident seçkilərinin uğurla, Cənab İlham Əliyevin qələbəsi ilə başa çatacağına böyük əminlik yaradır. Azərbaycan bu seçkilərlə, eyni zamanda, demokratik inkişafına yeni səhifə əlavə edəcək.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə