Radikal müxalifət bir tərəfdən mitinlərə hazırlaşır, digər tərəfdən bir-biri ilə mövqe davası aparır. Bunu siyasi ekspertlər də açıqlamalarında daim vurğulayırlar. Ötən həftə Milli Şuranın mitinq keçirmək üçün Bakı meriyasına müraciət etməsinin görünməyən tərəfində digər müxalif güclərin "ofsayd"a salınması təşəbbüsü dayanırdı. Belə ki, prezident seçkiləri ərəfəsində radikal müxalifət bir neçə mitinq keçirməyə söz vermişdi. Müxalif Milli Şuranın lideri Cəmil Həsənli “Musavat” partiyasına və REAL hərəkatına müraciət edərək, birgə mitinqlər təşkilini təklif edib.
“Müsavat” başqanı Arif Hacılı özünün “Facebook” səhifəsində bu təklifə müsbət cavab verib. Sızmış məlumata görə, hətta Milli Şura ilə “Müsavat” arasında birgə mitinqlərin keçirilməsi ilə bağlı məsləhətləşmələr də aparılıb. Amma elə ilk günlərdən müxalif qüvvələrin bu özünəməxsus "koalisiyası" zərbə altında qalıb. İş burasındadır ki, Milli Şuranın əsas gücü hesab edilən AXCP lideri Əli Kərimli danışıqların nəticələrini gözləməyərək, Bakı Şəhər İcra Hakimiyyətinə mitinq keçirilməsi üçün müraciət ünvanlayıb.
Məsələ burasındadır ki, Ə.Kərimli paytaxt hakimiyyətindən martın 4-də mitinq keçirmək üçün yer ayrılmasını tələb edib, meriya isə mitinqin martın 3-də keçirilməsini tövsiyə edib. Əli Kərimlinin belə separat hərəkətləri “Müsavat” partiyasında çox böyük narazılıqla qarşılanıb və onlar AXCP liderini hörmətsizlikdə ittiham ediblər.
Nəticədə, müxalifətin birgə mitinq keçirmək təşəbbüsü sual altında qalıb. Maraqlıdır ki, bununla Əli Kərimli ilk dəfə deyil ki, hər hansı siyasi partiya ilə birliyə qarşı çıxır. O hesab edir ki, AXCP və Milli Şura ölkədə yeganə müxalif güclərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə