QAT sədri: “Minsk Qrupu BMT-nin layihələrindən biridir" AÇIQLAMA

“Ümumiyyətlə ATƏT-in Minsk Qrupu BMT-nin layihələrindən biridir. Ona görə də Minsk qrupunun fəaliyyətini ört-basdır etməyə çalışırlar”. Bunu SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, əgər BMT-nin baş katibi Antoniu Quterreş obyektiv mövqedən çıxış etsəydi, əslində narazı qalmalı idi: “Çünki Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası 1993-cü ildə qısa fasilələrlə 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Amma bunların heç biri yerinə yetirilmir. Bu qətnamələrin yerinə yetirilməsində Minsk qrupunun fəaliyyəti ortada olmalı idi. Təəssüf ki, bunların heç biri ortada yoxdur. Ona görə də hesab edirəm ki, BMT ən azından qeyri-səmimi mövqedən çıxış edir. Ya da məqsədləri budur ki, bir-birlərini tərifləməklə işi, vaxtı uzatsınlar. Düşünürəm ki, BMT-nin açıqlaması ondan xəbər verir”.

A.Nağı əlavə edib ki, Azərbaycan qarşı xarici təşkilatlar tərəfindən aparılan anti-Azərbaycan kampaniyası hamıya məlumdur: “Onlar Azərbaycanı zəiflətmək istəyirlər. Təbiidir ki, beynəlxalq təşkilatların əksəriyyəti müəyyən böyük dövlətlər tərəfindən idarə olunur. Onlar Ermənistana başqa Azərbaycana münasibətdə isə tamam başqa mövqe sərgiləyirlər. Hesab edirəm ki, onlar regionda Azərbaycanın mövqeyinin güclənməsindən çəkinirlər”.

Qeyd edək ki, BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir. Bunu BMT-nin baş katibi Antoniu Quterreş Ermənistanın BMT yanında daimi nümayəndəsi ilə görüşü zamanı demişdir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə