"Hər gün qardaş həsrəti ilə yaşayıram” - REPORTAJ HADİSƏ ŞAHİDLƏRİ

"Hər gün qardaş həsrəti ilə yaşayıram” - REPORTAJ HADİSƏ ŞAHİDLƏRİ

Hər insanın həyatı, əslində, bir roman mövzusudur, - deyiblər. Həm də yaşadığı dövrün aynasıdır. Əgər eyni qisməti bölüşən çoxsaylı insanların bənzər taleləri, oxşar sevinc və xatirələri, yaxud kədərləri, faciələri qələmə alınarsa, bu, nəticə etibarilə mənsub olduqları xalqın da həyatının müəyyən dövrünü əks etdirər. 26 il öncə baş verən Xocalı soyqırımından salamat çıxmış insanların taleyi də faciəli romandır desək, heç də yanılmarıq. Onların yaşadıqları itkiləri, məşəqqətləri, hələ də davam edən iztirabları bir yerə toplayanda isə bu, artıq bütöv bir xalqın məruz qaldığı soyqırımının təsdiqinə çevrilir.

İllər keçəcək və erməni işğalçılarının Xocalıda törətdikləri vəhşiliklər haqqında yazılanlar tarixin ən dəqiq, ən səhih səhifələri kimi öyrəniləcək, tədqiq ediləcəkdir. Demək, bu qanlı soyqırımını öz yaddaşında yaşadanları danışdırmalıyıq, dedikləri əsasında bu tarixi yazmalıyıq.

Elə bir Xocalı sakini yoxdur ki, o müdhiş gecədə doğmasını, əzizini itirməsin. Özü də birini yox, beşini, onunu, əllisini... Əsirliyin fəlakətini yaşamasın... Hələ illər boyu dişlə-dırnaqla qurduqları xanimanlarının əllərindən zorla alınmasını, yandırılan, dağıdılan, xarabalığa çevrilən yurd-yuvalarını demirik. Odur ki, xocalılılar hələ də təsəlli tapa bilmirlər, hər gün, hər an vətən deyib sızlayırlar. Xocalı deyəndə nə düşünürlər, nələri və kimləri xatırlayırlar?

Xocalının həmsöhbət olduğumuz sakinlərinin hərəsinin öz həyat hekayəti, ürək dağlayan naləsi var.

SİA onların fikirlərini sizə təqdim edir:

Xocalı sakini - Nuranə Həsənova: “Ermənilər rusların köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bizi dörd bir yandan Xocalıda atəşə tutdular. Biz son nəfəsimizədək torpağımızdan çıxmaq istəmirdik. Biz zorla ayaqyalın, başıaçıq şəkildə Qarqar çayından keçib meşələrə üz tutduq. İnsafsızlar meşədə camaatın önünü kəsərək oradaca gülləbaran etdilər. Çox çətindir. Mən o günləri heç cür xatırlaya bilmirəm. Həyəcanlanıram və özümdən asılı deyil. Azərbaycan Prezidenti cənab İlham Əliyevə can sağlığı arzu edirəm. Çünki neçə illərdir ki, dövlət başçısı Xocalının ağrısı, acısını bütün dünyaya çatdırmaq üçün yüksək səviyyədə tədbirlər təşkil edir. İnşallah gələcəkdə sülh yolu ilə Azərbaycanın bayrağı Şuşada, Qarabağda dalğalanacaq. Biz ona inanırıq. Biz şəhid ailələri, Xocalı sakini kimi cənab Prezidentin arxasındayıq. Bu ilin aprelin 11-də keçiriləcək prezident seçkilərində də səsimizi ancaq cənab İlham Əliyevə verəcəyik. Bizim başqa prezidentimiz yoxdur”.

Xocalı sakini – Gülmət Kərimova: “26 fevral Xocalı soyqırımı bizim ən yaralı yerimizdir. Bu gün bizim üçün elə həmin gündür. Həmin hadisələrdə öz qohum-əqrəbalarımı itirmişəm. Onların məzarları olmadığına görə, “Ana harayı” abidəsini ziyarət edərək özümüzdə bir təskinlik tapırıq”.

Xocalı sakini –Mehriban Əbilova: “1992-ci ilin 26 fevralı Xocalı üçün çox şaxtalı və soyuq oldu. Bu sərt, soyuq şaxtadan bizə də pay düşdü. Həmin vaxtı xüsusi təyinatlı polis bölməsində işləyən Əbilov Məzahir Yaqub oğlu Xocalıda işləyirdi. O hadisə baş verən zaman camaatı bir neçə dəfə Əsgəran kəndinə aparıb sonradan yenə qayıtmışdı. Məzahir orada böyük qəhrəmalıq göstərmişdi. Vətən o zaman Vətən olur ki, onun şəhidi olur. Mən bu gün qardaşımla fəxr edirəm ki, o şəhidlik zirvəsinə ucaldı. Ancaq bu 26 il ərzində o ağrını, yaranı bizdə göynədən bir ağrı və acı var. Bu da Xocalıya, Ağdama, Kəlbəcərə, Füzuliyə, Şuşaya qayıtmaqdır. Günhasız insanların öldürülməsi bizi çox yandırır. Düzdür, 26 il ötməsinə baxmayaraq o acını yaşayırıq. Amma hər gün qardaş həsrəti, ağrısı ilə yaşayıram”.

Xocalı sakini – Qəndər Əbilova: “Mən Məzahir Əbilovun anasıyam. Xocalı soyqırımından 26 il ötməsinə baxmayaraq, nəinki bizim bütün Azərbaycan xalqı üçün eyni gündür və saatdır. Məzahir xüsusi təyinatlı polis bölməsində az müddət işləməsinə baxmayaraq Xocalıya yaxşı köməklik göstərirdi və kəşfiyyatlara gedib sağ-salamat qayıdırdı. Zaman o yerə çatdı ki, Xocalı mühasirədə qaldı. Hələ indiyədək ondan heç bir xəbərimiz yoxdur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə