Azərbaycan və Gürcüstan sərhədləri arasında vahid keçid məntəqəsi müəyyənləşdiriləcək
Bu gün Bakıda "Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək" layihəsinin təqdimatı olub. SİA-nın xəbərinə görə, Avropa İttifaqının (Aİ) maliyyəsi və BMT-nin inkişaf proqramı ilə Azərbaycan hökumətinin birgə icra etdiyi layihənin icrasına sentyabrdan başlanılıb. Layihənin Azərbaycan üzrə meneceri, layihə koordinatoru Məzahir Əfəndiyev Avropa İttifaqının maliyyəsi ilə həyata keçirilən layihə əsasında Azərbaycan və Gürcüstan sərhədləri arasında vahid keçid məntəqəsi müəyyənləşdiriləcəyini bildirib.
Eyni zamanda Məzahir Əfəndiyev üç il ərzində hazırlanan layihənin gecikmə səbəblərinə də aydınlıq gətirib: "Artıq üç ilə yaxındır ki, bu layihənin tətbiq olunması ilə bağlı çox intensiv danışıqlar gedir. Avropa İttifaqı daha öncədən bu layihənin Cənubi Qafqaz ölkələrində reallaşdırılması məsələsini ortaya qoymuşdu. Lakin məlum olduğu kimi, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması məsələsi bu layihənin gerçəkləşməsinə imkan vermirdi. Son olaraq Avropa İttifaqı və BMT başa düşdü ki, Azərbaycan hökumətinin mövqeyi haqdır. Və nə qədər ki, Azərbaycan və Ermənistanın sərhədləri tam olaraq müəyyən olunmayıb, bu layihənin regional konteksdə icra olunması məsələsi sual altında idi. Və buna görə, də bu layihə bir qədər gecikdi. Lakin 2010-cu ildən etibarən Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin apardıqları birgə müzakirələr nəticəsində belə müəyyən olundu ki, bu layihə Cənubi Qafqaz ölkələri ilə yanaşı olaraq, Azərbaycanda da ayrıca olaraq həyata keçiriləcək", - deyə bildirib.
Qeyd edək ki, icrasına 6,3 milyon avro ayrılan layihənin əsas məqsədi sərhədlərin idarə olunması sahəsində milli qurumlararası əməkdaşlıq səviyyəsinin yüksəldilməsi, qonşu sərhəd ölkələri, Aİ-yə üzv dövlətlər və digər beynəlxalq təşkilatlarla ikitərəfli və regional əməkdaşlığın artırılması, sərhədlərin təhlükəsizliyinin təmin edilməsi və strateji idarəetmə potensialının inkişaf etdirilməsi, Azərbaycan qanunvericiliyi və reallıqlarını əks etdirən təkmilləşdirilmiş sənədin hazırlanmasından ibarətdir. Sənəd 2012-ci ilədək icra olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB