® Fəzail Ağamalının seçicilərlə görüşü yüksək fəallıqla müşayiət olunur

® Fəzail Ağamalının seçicilərlə görüşü yüksək fəallıqla müşayiət olunur

60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalının seçicilərlə görüşü yüksək fəallıqla müşayiət olunur. SİA-nın məlumatına görə, ötən beş il ərzində bir sıra sosial problemlərin həllinə öz töhfəsini verən Fəzail Ağamalıya Kürsəngi, Xıdırlı, Yenikənd, Həsənli, Qardili və Şəkərli kənd sakinləri kəndlərin qazlaşdırılmasında, fasiləsiz elektrik enerjisinin verilməsində, kəndləri magistralla birləşdirən yolların bərpa olunub asfaltlaşmasında, Xıdırlı kənd məktəbinin əsaslı təmirində, Qardili kəndində yeni məktəb binasının tikilməsində göstərdiyi xidmətə görə təşəkkürlərini bildirmiş və bir sıra təklifləri də irəli sürüblər.

Kürsəngi və Xıdırlı kəndlərinin tam qazlaşdırılması, Xıdırlı kəndinin içməli su ilə təmin olunmasındakı çatışmazlıqların aradan qaldırılması, adları çəkilən kəndlərdə kollektorların və su kanallarının təmizlənməsinin ardıcıllığı, Yenikənd inzibati ərazisində bankomatın quraşdırılması kimi təkliflər üzərində dayanılıb.

Seçicilər adından çıxış edən kənd ağsaqqalları və ziyalıları qarşıdan gələn parlament seçkilərində bir daha Fəzail Ağamalıya səs verəcəklərini bildiriblər.

Fəzail Ağamalı xoş sözlərə və ona göstərilən etimada görə seçicilərə öz təşəkkürünü bildirmiş, əgər seçilərsə onların söylədikləri bütün məsələləri müvafiq icra stukturları qarşısında qaldıracağına və onların həll olunacağına əminliyini ifadə edib.

O, konkret arqumentlərlə ölkə prezidenti İlham Əliyevin Azərbaycanın iqtisadi və sosial yüksəlişinə yönələn siyasətinin ayrı-ayrı məqamları üzərində dayanıb və yüksəliş prosesində Salyan və Neftçala rayonlarında da qısa zaman kəsiyində mövcud problemlərin aradan qaldırılacağına əminliyini ifadə edib.

Fəzail Ağamalının seçicilərlə görüşü davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə