ADU-da “Regional təhlükəsizliyə aid problemlər- Konfliktlər və konflikt sonrası inkişaf” mövzusunda müzakirə keçirilib

ADU-da “Regional təhlükəsizliyə aid problemlər- Konfliktlər və konflikt sonrası inkişaf” mövzusunda müzakirə keçirilib

Oktyabrın 22-də Azərbaycan Dillər Universitetində (ADU) "Cənubi Qafqaz dəyişən dünyada" simpoziumu çərçivəsində "Regional təhlükəsizliyə aid problemlər- Konfliktlər və konflikt sonrası inkişaf" mövzusunda müzakirələr keçirilib.

ADU Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Türkiyə, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Böyük Britaniya, Ukrayna, Polşa, Almaniyadan tanınmış alim və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin qatıldığı tədbir ADU-nun İnformasiya Resurs Kompleksində (İRK) baş tutub.

Tədbirdə Beynəlxalq münasibətlər və siyasi elmlər üzrə tanınmış mütəxəssislər Yossef Bodanski, Vanda Felbab-Braun (ABŞ), Dennis Sammut (Böyük Britaniya), Təyyar Ari, Sezai Özçelik (Türkiyə), Kadir Üstün (Türkiyə-Böyük Britaniya), Tofiq Rahim (BƏƏ), Hanna Şelest (Ukrayna), Przemyslav Ozierski (Polşa), Ziya Qazıyev (Azərbaycan-Almaniya), Zaur Şiriyev (Azərbaycan), Aleksandr Kornelissen (Hollandiya) iştirak ediblər.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova qonaqları salamlayaraq iki gün davam edəcək simpoziumun əsas təşkilatçılarından biri olan Azərbaycan Dillər Universitetində də dəyərli elmi müzakirələr aparılacağına əmin olduğunu bildirib.

Sonra qonaqlar mövzu ətrafında çıxış və müzakirələrə keçiblər.

Konfliktlər və Dövlət-quruculuğu London İnformasiya Şəbəkəsinin rəhbəri Dennis Sammut, Strateji elmlər İnstitunun Odessa filialının məsləhətçisi Hanna Şelest geniş mühazirə edərək müasir dünya siyasətində Cənubi Qafqazın artan rolu, regionda artmaqda olan təhlükələr və qloballaşmağa doğru yönələn proseslər, beynəlxalq təşkilatların Cənubi Qafqazda mövcud olan ən önəmli məsələ -Dağlıq Qarabağ problemi barədə fikir mübadiləsi aparıblar. "Beynəlxalq təşkilatlar regionda ən önəmli siyasi münaqişə olan Dağlıq Qarabağ probleminin həll edilməsi üçün kifayət qədər səy göstərmirlər və bunun həll edilməsi üçün daha səmərəli variantlardan istifadə etməyi önəmli sayıram", deyə Hanna Şelest bildirib.

Simpoziumum əsas məqsədləri regional əməkdaşlığı və şəbəkələşməni artırmaq, Azərbaycanda və regionda yetişməkdə olan və regional siyasətə, iqtisadiyyata və beynəlxalq münasibətlər sahəsinə marağı olan alimlərin şəbəkəsini daha da inkişaf etdirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə