Son günlər İranda keçirilən etiraz aksiyaları Azərbaycanda da maraqla izlənilir. Bunun səbəblərindən birincisi və ən vacibi bu dövlətin Azərbaycanla qonşu olmasıdır. Çünki belə hadisələr genişlənəndə qonşu dövlətlərin təhlükəsizliyinə də müəyyən problemlər yarada bilir. İkincisi, İranda 30 milyondan çox Azərbaycan türkü yaşayır. Orada baş verənlər soydaşlarımızın hüquqlarının təmin olunması baxımından da əhəmiyyətlidir. Üçüncüsü, İslam Respublikası Yaxın Şərqin aparıcı dövlətlərindən biridir. Odur ki, qonşu ölkədə cərəyan edən proseslər həm də Azərbaycana yaxın olan bölgədə ciddi təlatümlər yarada bilər.
Bundan başqa, İran Azərbaycanın ərazisini işğal edən Ermənistanla hərtərəfli əməkdaşlıq edir, münasibətləri genişləndirir. Bu da Dağlıq Qarabağın işğaldan azad edilməsinə mane olan amillərdəndir. Ona görə də İslam Respublikasında baş verənlər işğalçının davranışına təsiri baxımından çox əhəmiyyətlidir.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli deyib ki, bu gün dünyada İranda baş verən hadisələrə fərqli yanaşmalar var: “İranla bağlı Azərbaycanın mövqeyi birmənalıdır. Azərbaycan bütün qonşularının rifah halında yaşamasını arzulayan bir dövlətdir. İrana qarşı beynəlxalq təzyiqlər baş verəndə ölkəmiz hər zaman yaxşı qonşuluq prinsiplərini əsas götürüb. Bəyan edib ki, bu ölkəyə qarşı Azərbaycan ərazisindən hər hansı bir təhlükə olmayacaq. Azərbaycan öz prinsiplərinə sadiqdir. Bu günə qədər də nümayiş etdirdiyi davranışlarda bunu sərgiləyib. Amma təəssüflər olsun ki, qarşı tərəfin Ermənistanla münasibətlərində bir Azərbaycan faktorunun nəzərə alındığının şahidi olmamışıq. Lakin buna baxmayaraq Azərbaycan yenə də tarixi, mədəni ortaq dəyərləri əsas götürərək hər zaman İrana münasibətdə birmənalı mövqe nümayiş etdirib. Təbii ki, İranda yaşananlara fərqli münasibətlər də var. İranda baş verən proseslərin kökündə indiki məqamda sosial, iqtisadi problemlər dayanır. Bu sosial, iqtisadi problemlərin də bir çoxu Mahmud Əhmədinecatın dövründə yaranmış problemlərdir. Digər faktorlar İranın ölkə sərhədlərindən kənarda baş verən proseslərdə aktiv iştirak etmək cəhdləri və ayrı-ayrı qruplara maliyyə dəstəyi verməsidir”.
Vaxtilə Mahmud Əhmədinecatın prezident olduğu dövrdə ölkəyə 700 milyard dollar neft gəlirlərinin daxil olduğunu bildirən siyasi şərhçi diqqətə çatdırıb ki, bu gəlirlərin bir qəpiyi, senti belə İranın iqtisadiyyatına yatırılmayıb: “Şübhəsiz ki, bu da bir çox istiqamətlərdə ciddi problemlərin yaranmasına səbəb olub. Digər tərəfdən həmin dövrdə başladılan Nüvə proqramının hər hansı bir effektiv nəticəsi olmayıb. Əksinə İran beynəlxalq təzyiqlərə məruz qalıb, proqram dayanıb. Nəticə etibarilə Nüvə enerjisindən dinc istifadə istiqamətində ciddi addımlar atılmayıb və xərclənən vəsaitlər faktiki olaraq havaya sovrulub. Bu da ölkədə müəyyən etirazlara səbəb olub. Təbii ki, biz bütün proseslərin dinc yolla cərəyan etməsinin tərəfdarıyıq. İran prezidenti Həsən Ruhani də öz çıxışında insanların etiraz etmək hüququnun olduğunu bildirib və iqtisadi problemlərin həll ediləcəyini vurğulayıb. Burada xarici faktorların olduğunu birmənalı şəkildə düşünmürəm. Əgər xarici faktorlar varsa, bu İranın daxili təhlükəsizlik problemlərinin olduğunu ortaya çıxarır. Digər faktorda ondan ibarətdir ki, yaranmış vəziyyətdən hər hansı bir üçüncü, o cümlədən İranla regiondakı proseslərdə rəqabət aparan və yaxud dövlətin mövqeyini qəbul etməyən ölkələrdə istifadə edə bilərlər. Bu proseslərin içərisində biz Ermənistanın da davranışlarını açıq şəkildə görürük. Ermənistan son hadisələrdə faktiki olaraq İrana arxa çevirdi. Yenə də İranı müdafiə edən Azərbaycan, Türkiyə və digər dövlətlər oldu. Bu aspektdən hesab edirəm ki, İranın siyasi rəhbərliyi də baş verən hadisələrdən nəticə çıxarmalı və elan etdiyi prinsiplərə, o cümlədən İslam Həmrəyliyi faktoru ilə bağlı məsələlərə də sayıq ilə yanaşmalı, riyakar siyasətdən əl çəkməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB