“ELS” Müstəqil Araşdırmalar Mərkəzi parlament seçkilərində “exit poll” keçirəcək
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda ilk olaraq 2010-cu il noyabrın 7-nə təyin edilmiş parlament seçkilərində "exit poll" keçirmək istəyən "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin qeydə alınmaq üçün etdiyi müraciətə baxılıb. MSK katibi Natiq Məmmədov Mərkəzin qeydə alınması üçün kifayət qədər əsasların olduğunu bildirib. Sözügedən təşkilat MSK üzvlərinin səs çoxluğu ilə qeydə alınıb.
Daha sonra seçkilərlə əlaqədar fərdi namizədlərdən, həmçinin siyasi partiya və siyasi partiya bloklarından MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, müraciətlərin bir hissəsi əsassız hesab edilib, bir hissəsi baxılmaq üçün dairə seçki komissiyalara göndərilib, bir hissəsi də əsaslı hesab edilərək təmin edilib. Şikayətlər arasında Müsavat Partiyası başqanının müavini, 26 saylı Sabunçu I seçki dairəsindən namizədliyi irəli sürülmüş Tofiq Yaqublunun şikayəti də olub. MSK sözügedən dairənin qərarını ləğv edərək T.Yaqublunun namizədliyinin qeydə alınması barədə qərar qəbul edib.
İclasın sonunda MSK sədri Məzahir Pənahov qeydə alınan namizəd və müşahidəçilərlə bağlı məlumat verib. İndiyə qədər Azərbaycan Milli Məclisinə 125 seçki dairəsi üzrə 695 nəfərin namizədliyinin qeydə alındığını deyən MSK sədri 324 nəfərin namizədliyinin qeydə alınmasından imtina edildiyini diqqətə çatdırıb. O bildirib ki, Yeni Azərbaycan Partiyasından 111, "AXCP-Müsavat" blokundan 31, "İslahat" blokundan 30, "Qarabağ" blokundan 30, Klassik Xalq Cəbhəsi Partiyasından 29, "İnsan Naminə" blokundan 18, Azərbaycan Milli İstiqlal Partiyasından 17, Ana Vətən Partiyasından 7, Müasir Müsavat Partiyasından 7 nəfərin namizədliyi qeydə alınıb. Ümumilikdə isə qeydə alınan namizədlər 33 partiya tərəfindən irəli sürülüb.
Bu günə kimi konkret seçki dairələrində 7433 nəfərin müşahidə missiyasını həyata keçirmək üçün MSK-ya müraciət etdiyini də qeyd edən M.Pənahov bildirib ki, bütün müraciətlər müsbət cavablandırılıb. MSK sədri onlardan 1770-nün öz təşəbbüsü ilə, 4570-nin isə partiya və siyasi partiya blokları tərəfindən irəli sürüldüyünü vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB