Ulu öndərin əziz xatirəsi Penitensiar xidmətdə yad edilib

Ulu öndərin əziz xatirəsi Penitensiar xidmətdə yad edilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Penitensiar xidmətdə anım mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, Penitensiar xidmətin əməkdaşları Ədliyyə Nazirliyinin digər struktur qurumlarının əməkdaşları ilə birgə Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət edərək əklil və gül dəstələri qoymuş, böyük şəxsiyyətin unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Anım mərasimi Penitensiar xidmətin Baş idarəsində davam etdirilib.

Mərasimdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xidmətin rəis müavini ədliyyə polkovniki Oqtay Məmmədov müstəqil Azərbaycan Respublikasının tarixinə xilaskar, dahi şəxsiyyət və müdrik dövlət xadimi kimi həkk olunmuş Ümummilli liderin keçdiyi şərəfli ömür yolundan və siyasi fəaliyyətindən söz açaraq, bu zəngin irsin xalqımız üçün yenilməz və əvəzsiz töhfə olduğunu qeyd edib.

Diqqətə çatdırılmışdır ki, XX əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması, strateji tərəfdaşların qazanılması məhz Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olub.

Ulu öndərin əziz xatirəsi Penitensiar xidmətdə yad edilmişdirTədbirdə çıxış edən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşmasında ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin böyük rol oynadığını vurğulayıb.

Bildirilmişdir ki, ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, iqtisadiyyatın dayanıqlı inkişafı təmin edilmiş, dövlətimiz beynəlxalq aləmdəki yerini möhkəmləndirmiş və dünya miqyasında söz sahibi olub.

Ulu öndərin əziz xatirəsi Penitensiar xidmətdə yad edilmişdirXidmətin rəis müavini ədliyyə general-mayoru Hüseyn Əlixanov çıxış edərək müstəqil Azərbaycan dövlətinin möhkəm təməllər əsasında yaradılmasının, onun siyasi, iqtisadi, eləcə də hüquqi əsaslarının möhkəmləndirilməsinin məhz Heydər Əliyevə nəsib olduğunu vurğulamışdır. Azərbaycanın təcavüzə məruz qaldığı illərdə xarici düşmənlərin və məkrli daxili qüvvələrin xəyanəti və səyi nəticəsində ümummilli liderin SSRİ dövlətinin rəhbərliyindən kənarlaşdırılması planının məqsədyönlü ssenari üzrə həyata keçirilməsi baş tutdu.

Ulu öndərin əziz xatirəsi Penitensiar xidmətdə yad edilmişdirHeydər Əliyev dərin siyasi zəkaya, zəngin bilik və təcrübəyə, təkrarsız liderlik qabiliyyətinə, həmçinin yüksək mənəvi dəyərlərə sahib şəxsiyyət olaraq nəinki Azərbaycan xalqının, eyni zamanda görüşdüyü bütün dövlət rəhbərlərinin, sadə insanların qəlbində və yaddaşında silinməz təəssüratlar oyatmışdır. Bu qeyri-adi və yüksək insani keyfiyyətləri sayəsində bu gün Azərbaycanda dünyəvi dövlət qurulmuş və müstəqil vətəndaş cəmiyyəti bərqərar edilib. Ümummilli lider müstəqil Azərbaycanı qorumaq və daha da möhkəmləndirmək, həyatını bəxş etdiyi xalqının xoşbəxt və firavan yaşaması naminə həmişə qürur duyduğu, ən çox etibar etdiyi, bilik və bacarığına, xalqına sadiq qalacağına inandığı bu gün dünyanın nüfuzlu siyasi liderlərindən biri olan oğlu İlham Əliyev kimi siyasi varis bəxş edib.

Tədbirin sonunda iştirakçılara Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə