Azərbaycan - regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının əsas təşəbbüskarı .ANALİTİK
Prezident İlham Əliyevin təşəbbüskarı olduğu hər bir görüşdə əldə olunmuş razılaşmalar yaxın gələcəkdə region üçün pozitiv nəticələr, uğurlar və nailiyyətlər vəd edir
Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşünün keçirilməsi özündə bir sıra əhəmiyyətli məqamları ehtiva etməkdədir. Ümumiyyətlə, bu üçtərəfli format regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, bölgədə əməkdaşlıq mühitinin stimullaşdırılması, ölkələr arasında iqtisadi-ticari əlaqələrinin, enerji və nəqliyyat sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır. Məhz bu baxımdan, Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq regionun aktual məsələlərinin həlli üçün böyük önəm daşıyır.
Digər tərəfdən, belə qənaətə gəlmək olar ki, qlobal transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiquru olaraq, həm də söz sahibi olan dövlətlər sırasında öz yerini kifayət qədər möhkəmləndirib. Hazırda Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə və dgər formatlar da bilavasitə Azərbaycanın təşəbbüsü ilə yaranıb və bu formatlar olduqca səmərəli fəaliyyət göstərməkdə davam edirlər.
Azərbaycan regionda lider rolunu, bölgədə təhlükəsizliyin təmin edilməsi və siyasi-iqtisadi əlaqələrin inkişafında oynadığı rolu aydın şəkildə nümayiş etdirir
Əlbəttə, sözügedən təşəbbüslərin gerçəkləşdirilməsində Prezident İlham Əliyevin siyasi çəkisi və Ona olan etimadlara da xüsusi rol oynamaqdadır. Belə ki,
Ölkə başçımız İlham Əliyev cənabları son günlər ərzində region dövlətlərinin rəhbərləri ilə görüşlər keçirib və bütün sahələr daxil olmaqla qarşılıqlı səmərəli əməkdaşlığın inkişaf etdiririlməsi məsələlərini müzakirə edib. İstər yerli, istərsə də xarici ekspertlər də həmin görüşlərin nəticəsi olaraq hesab edirlər ki, cənab Prezidentin təşəbbüskarı olduğu hər bir görüş çərçivəsində əldə olunmuş razılaşmalar yaxın gələcəkdə region üçün olduqca pozitiv nəticələr, uğurlar və nailiyyətlər vəd edir. Söz yox ki, bu, Azərbaycanın regionda lider rolunu, bölgədə təhlükəsizliyin təmin edilməsi və siyasi-iqtisadi əlaqələrin inkişafında oynadığı rolu aydın şəkildə nümayiş etdirməkdədir.
Belə bir müzakirələrin aparılması isə hər üç ölkənin sözügedən məsələlərlə yanaşı, digər sahələrdə də bir-birinə göstərdikləri yüksək etimadın məntiqi nəticəsidir.
Həmçinin, Azərbaycan-İran-Rusiya üçtərəfli görüşü zamanı ilk növbədə regional təhlükəsizlik məsələləri də müzakirə olunub, bölgədə və daha geniş coğrafiyada sabitliyin təmin olunmasında, terrorizm, separatizm və digər bu kimi bəşəriyyəti təhdid edən hallarla mübarizədə birgə əməkdaşlığın inkişaf etdirilməsi və səylərin gücləndirilməsi vurğulanıb. Belə bir müzakirələrin aparılması isə hər üç ölkənin sözügedən məsələlərlə yanaşı, digər sahələrdə də bir-birinə göstərdikləri yüksək etimadın məntiqi nəticəsidir.
Eyni zamanda, üçtərəfli formatın gündəliyində duran digər məsələ kimi üçtərəfli və ikitərəfli formatda iştirakçı ölkələr arasında iqtisadi-ticari sahədə əməkdaşlığın nəticələri nəzərdən keçirilib, bu istiqamətdə olduqca müsbət dinamikanın olduğu vurğulanıb və qarşıdan gələn dövr üçün potensial imkanlar yenidən nəzərdən keçirilib. Əsas diqqət isə enerji, gömrük, bankçılıq, yeni texnologiyalar, müştərək investisiyaların yatırılması, kənd təsərrüfatı və digər məsələlərə yönəldilib.
Üç ölkə arasında enerji, neft-qaz hasilatı və ixracı sahəsnidə əməkdaşlığın inkişaf etdirilməsi üçün müvafiq tədbirlər müzakirə mövzusu olub. Azərbaycan, İran və Rusiyanın enerji şəbəkələrinin birləşdirilməsi və bunun praktiki nəticələri müsbət qiymətləndirilib. Qarşıdan gələn dövrdə neft-qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi və digər məsələlər nəzərdən keçirilib.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin perspektivi diqqət mərkəzində olub
Hazırda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində də görülən işlər, qarşıda duran vəzifələr, bu marşrutların yaratdığı geniş imkanlar, regionun iqtisadi inkişafında oynayacağı rol və digər bu kimi məzələlər müzakirə mövzusu olub ki, bu faktorun önəmi ölkələrin rəhbərləri tərəfindən diqqətdə saxlanılıb.
Transmilli nəqliyyat layihələrinin müzakirəsi zamanı isə yeni fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin perspektivi də nəzərdən keçirilib, onun yüksək potensialı və perspektivi vurğulanıb, BTQ də daxil olmaqla hər bir iştirakçı dövlətin maraqları çərçivəsində Şərqlə Qərbi birləşdirən bütün marşrutlardan istifadə olunması imkanları bəyənilib.
Beləliklə, fakt budur ki, Azərbaycan təşəbbüskar ölkə olaraq bir daha dünya miqyasında ən vacib dövlətlərdən birinə çevrildiyini baş tutan növbəti formatla sübuta yetirmiş oldu. O cümlədən bəlli oldu ki, Azərbaycan istər regionda, istərsə də beynəlxalq aləmdə lider yolundadır və geosiyasi iqtisadi layihələrin Avrasiya materikini də əhatə etməsi, eləcə də üçtərəfli format səviyyəsində əhəmiyyətli məqamlar ətrafında müzakirələrinin aparılması, ortaq məxrəclərə gəlinməsi bu fikirləri kifayət qədər isbatlayır.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB