Tərtərdə YAP-ın 25 illiyi qeyd edilib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə bağlı YAP Tərtər rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında silsilə tədbirlərin keçirilməsi davam etdirilir. Rayon təşkilatından qəzetimizə verilən məlumata görə, növbəti tədbirlər Seydimli və Buruc ərazi ilk partiya təşkilatlarında keçirilib.

Seydimli ərazi ilk partiya təşkilatında təşkilatın sədri Hicran Hüseynova, partiya veteranı Sayəddin Musayev, Seydimli kənd tam orta məktəbinin direktoru Nurəddin İbrahimov, partiya üzvü Nəsibə Əliyeva və rayon təşkilatının şura üzvü Kamil Məmmədov, Buruc ərazi ilk partiya təşkilatında isə ilk təşkilatın sədri Niyaməddin Aslanov, partiya üzvlərindən Ziyafət Almasova, Nüşabə Misirova, rayon təşkilatının şura üzvü Ramil Bayramov çıxış edərək Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yoldan, partiyanın hakim siyasi təşkilat kimi fəaliyyəti dövründə Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, sosial-iqtisadi, siyasi, mədəni həyatımızda əldə olunan misilsiz uğurlu nəticələrin bu gün partiyanın Sədri, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində yeni-yeni uğurlara yol açmasından danışıblar.

Çıxışlarda belə bir fikir vurğulandı ki, məhz 1993-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası hakim partiyaya adını qazandıqdan sonra dövlətimiz və xalqımız müstəqilliyin, azadlığın nə olduğunu dərk etdi. Məhz bu baxımdan, dövlətini Vətənini sevən hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının ətrafında daha da sıx birləşib ölkəmizin bu günü və gələcəyi üçün var gücləri ilə fəaliyyət göstərirlər. Çünki onlar etibarlı zəminin yaradıldığını bilir və bu amili yüksək qiymətləndirirlər.

Tədbirlərdə çıxış edənlər Yeni Azərbaycan Partiyasının hər bir üzvünün təşkilatın yüksək amalları uğrunda daim mübarizliklərini artıracaqlarına söz veriblər.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə