Minsk qrupunun həmsədrləri oktyabrın 4-dən 14-dək münaqişə zonasında vəziyyəti qiymətləndirəcəklər

Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyası çırçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın ayrı-ayrılıqda görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, bu barədə Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya), eləcə də ATƏT sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşikin imzaladıqları bəyanatda deyilir.

Sənəddə bildirilir ki, həmsədrlər nazirləri oktyabrın 4-dən 14-dək Dağlıq Qarabağ ətrafındakı ərazilərdə keçiriləcək qarşıdakı qiymətləndirmə missiyasına hazırlıq barədə məlumatlandırıblar.

Bəyanatda qeyd olunur ki, həmsədrlər BMT-nin Cenevrə və Nyu-Yorkdakı rəsmi şəxsləri ilə əvvəldən apardığı danışıqlar əsasında BMT İnkişaf Proqramının və BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının ekspertlərini rəsmi şəkildə missiyada iştiraka dəvət ediblər.

Bundan başqa vasitəçilər Azərbaycan və Ermənistan xarici işlər nazirlərini növbəti aylar üçün nəzərdə tutduqları fəaliyyət planı, o cümlədən ATƏT-in Astana sammitinə hazırlıq işləri ilə bağlı məlumatlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...