Düşmən Azərbaycan rəsmilərinin bəyanatlarının ciddiliyini ötən ilin aprelindən anlamağa başlayıb-AKTUAL+ANALİTİKA
Dağlıq Qarabağ münaqişəsi kontekstində işğalçı Ermənistanın bu siyasətindən əl çəkməməsi, eləcə də ötən ilin aprelindən bu tərəfə aparılan danışıqların nəticəsiz qalması bu ölkənin ictimai siyasi rəyində müharibə təhlükəsinin yaranması siqnallarını verməkdə davam edir. Xüsusilə, Azərbaycanın Müdafiə Naziri Zakir Həsənovun Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən müasir silahlarına malik olması, eləcə də düşmənin güvəndiyi hərbi obyektlərini yerindəcə məhv edə bilməsi gücü barədə verdiyi bəyanatı qarşı tərəfi daha kəskin vahiməyə salıb. Son bir-neçə gündür ki, saytımız Ermənistanın ictimai-siyasi xadimlərinin, politoloqlarının, jurnalistlərinin fikirlərini araşdırararaq, düşmən ölkədəi vəziyyətin necə olmasını oxucularının diqqətinə çatdırır. Bu baxımdan, həmin mövzunu davam etdirmək qərarına gəldik.
Amerikaşünas juurnalist Areq Qalstyan: "Azərbaycan marionet ölkə deyil, əgər istəsə geniş masştablı hərəkətə keçəcək"
"Geniş masştablı müharibə təhlükəsi hər zaman var". SİA xəbər verir ki, bu barədə amerikaşünas-jurnalist Areq Qalstyan "168 jam" nəşrinə son günlər Ermənisatanda müharibə qorxusunun yaşanması və Azərbaycanın bir neçə gün öncə işğalçılara qarşı keçirdiyi uğurlu hərbi əməliyyatlarını şərh edərkən deyib. Onun sözlərinə görə, nə qədər ki, sülh danışıqları aparılmır, müharibə təhlükəsi qalmaqda davam edəcək. Qalstayn hesab edir ki, Azərbaycan Ermənistandan fərqli olaraq marionet ölkə deyil: "Azərbaycan marionet ölkə deyil ki, öz motivizasiyaları olmasın və kimlərsə onun əvəzinə nəyi isə həll etsin. Əgər onlar geniş masştablı hərəkətə keçmək qərarını versələr, düşünürəm ki, onlar heç kimi eşitməyərək, öz məqsədlərini gerçəkləşdirəcəklər. Ona görə də biz özümüzü müharibəyə hazır vəziyyətdə hiss etməliyik. Çünki müharibə vəziyyətində yaşayırıq".
"Minsk qrupunun mexanizmləri yoxdur, münaqişəni həll etmək bacarığında deyillər""
"Əslində, vəziyyət həddindən artıq ağırdır. Heç kim sabah nə baş vercəyindən xəbərdar deyil"-deyə bildirən Qalstyan Minsk qrupunu da hədəfə almağı unutmayıb: "Minsq qrupunu ideallaşdırmaq lazım deyil. Minsk qrupu artıq çoxdan münaqişənin həlli üçün heç nə etmir. Təkcə onların bəyanatlarına baxmaq kifayət edir. Bu qrupun mexanizmləri yoxdur"
Erməni jurnalist fikirlərinə əlavə olaraq deyib ki, bugünkü gündə beynəlxalq münasibətlərdə elə bir sistem yoxdur ki, oyun qaydaları məlum olsun: "Heç kim bilmir ki, kimin təsir dairəsi haradadır, bütün bunlar qarışıb və xaotik xarakter alıb. Beynəlxalq institusional qruplar sadəcə ciddi münaqişəni həll etmək bacarığında deyillər".
Hakim partiyadan olan erməni deputat Karen Bekaryan isə Sarkisyan rejiminə xoş gəlmək üçün Minsk qrupunun ofisinin "stepanakertə" köçürülməsi təklifini verib
Digər tərəfdən, Ermənistanın hakim partiyasına məxsus deputatlar daxili auditoriyaya hesablanmış, daha dəqiq desək, Serj Sarkisyan rejimini düşdüyü dalandan çıxarılması üçün sərsəm bəyanatlarla çıxış edirlər. Məsələn, başqa erməni nəşri "Aravot"a açıqlama verən hakim "Respublika" partiyasının deputatı Karen Bekaryan bildirib ki, Minsk qrupu "stepanakertdə" (Xankəndində-R.N.) ofis açmalıdır (?!). Bekaryan adıçəkilən nəşrə Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşlərinin nəticələri barədə fikirlərini bildirərkən bu cür axmaq təkliflə ilə çıxış edib. Görüşdə konkret hər hansı bir nəticələrin olmadığını etiraf edən erməni deputatı Minsq qrupunun "stepanakertə" ofis açması üçün hətta belə bir gülünc təklif verib ki, həmsədrlər buna görə öz instrumentariyalarına yenidən baxmalıdırlar.
Göründüyü kimi, istər bu, istərsə də digər baxış bucaqlarından sözügedən məsələyə yanaşmalar edən erməni siyasətçiləri və ictimaiyyət nümayəndələri son anda bir həqiqəti dərk edirlər ki, işğalçılıq siyasəti davam edərsə, bunun nəticəsi onlar üçün çox ağır olacaq və Sarkisyan rejimi, eyni zamanda "dqr" separatçıları ağır bədəl ödəməli olacaqlar.
Politoloq Aleksandr İskəndaryan isə reallıqdan danışıb: "Aprel ssenarisi təkrarlana bilərdi"
Yeri gəlmişkən, digər erməni politoloqu Aleksandr İskəndaryan bu məsələyə real yanaşma edərək, yeni aprel ssenarisinin təkrarlana biləcəyini deyib. "panorama.am"ın yazdığına görə, İskəndaryan hətta iddia edib ki, Azərbaycan bu ilin aprelində də eyni halı təkrarlaya bilərdi, ancaq gözləmə mövqeyində qaldı. İyulda isə artıq olan-olub. O, hakim partiyanın nümayəndələrindən fərli olaraq Minsk qrupunun fəaliyyətsiz qurum olduğunu bildirib. "Görünən budur ki, ATƏT-in Minsq qrupu mövcud münaqişəni həll edə bilməyəcək"-deyə qeyd edən erməni politoloqa görə, həmin problemi məhz Ermənistanla Azərbaycan öz aralarında həll edə bilər: "Münaqişənin həlli açarı elə münaqişə tərəflərinin özlərindədir".
Beləliklə, analitik yazının əvvəlində də qeyd etdiyimiz kimi, Qarabağ münaqişəsinin həlli perspektivlərinin sülh danışıqlarından daha çox müharibə variantı üzərinə doğru yan alması faktı gerçəkləşə bilər. Burada isə əsas təqsirkar yalnız Ermənistan deyil, eyni zamanda uzun illərdir bu ölkənin işğalçılıq nazı ilə oynayan beynəlxalq qurumlardır. İndi isə torpaqların azad olunması vaxtıdır. Ermənistan isə məhz bundan ciddi təlaş keçirir. Çünki düşmən Azərbaycan rəsmilərinin bəyanatlarının ciddi olmasını hələ ötən ilin aprelindən anlamağa başlayıb.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB