Beynəlxalq birlikdən Ermənistanın növbəti cinayətinə SƏRT REAKSİYA

Beynəlxalq birlikdən Ermənistanın növbəti cinayətinə SƏRT REAKSİYA

İyu­lun 4-də Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri­nin Azər­bay­ca­nın Fü­zu­li ra­yo­nu­nun Al­xan­lı kən­di­nin mül­ki əha­li­si­ni atə­şə tut­ma­sı nə­ti­cə­sin­də 1967-ci il tə­vəl­lüd­lü Sa­hi­bə Qu­li­ye­va və xüsusilə də 2 yaş­lı Zəh­ra Qu­li­ye­va­nın öl­dü­rül­mə­si Azərbaycanla yanaşı beynəlxalq ictimaiyyətdə ciddi narahatçılıq yaradıb. Həm dünya mətbuatı, həm də eləcə də beynəlxalq təşkilatlar Alxanlı hadisələri ilə bağlı mövqelərini açıqlayaraq düşmən ölkənin mülki əhaliyə qarşı törətdikləri vəhşilikləri pisləyib, bununla bağlı Ermənistan prezidentinə məktub ünvanlayıblar. Hətta ATƏT-in Minsk qrupu həmsədrlərindən Alxanlı qətliamı ilə bağlı ikinci bəyanat - Ermənistanın danışıqların pozulmasına hesablanmış təxribat törətdiyi açıq bəyan edilib.

SİA onlardan bir neçəsini təqdim edir:

Belarus Xarici İşlər Nazirliyi erməni silahlı qüvvələrinin iyulun 4-də Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Quliyeva və 2 yaşlı nəvəsi Zəhra Quliyevanın ölümü ilə əlaqədar bəyanat yayıb: Bəyanatda Belarusun Dağlıq Qarabağ münaqişəsinin yalnız danışıqlar masası arxasında dialoq yolu ilə həllinə tərəfdar olduğu bildirilir.

Sənəddə həmçinin qeyd olunur ki, Belarus qan tökülməsinin dayandırılacağına ümid edir: “Şübhəsiz ki, biz dinc sakinlər arasında ölüm hallarının olmasından təəssüflənirik və ölənlərin ailələrinə başsağlığı veririk. Ümid edirik ki, qan tökülməsi dayandırılacaq. Bütün məsələlərin yalnız danışıqlar yolu ilə həllinə tərəfdarıq”.

Erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərəfindən verilən sorğuya cavab olaraq, Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan deputatı Olav Quittinq bəyanatla çıxış edib.

Bəyanatda bildirilir ki, almaniyalı deputatlar Azərbaycanın Füzuli rayonunda Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı kədərli xəbərdən təəssüf hissi keçiriblər: "Onlar bu əraziləri qanunsuz işğal etmiş erməni silahlı qüvvələrinin vəhşiliyinin qurbanı olublar. Bundan əlavə, ermənilərin açdığı atəş nəticəsində bir neçə dinc sakin də ciddi xəsarət alıb. Vəziyyətin bu cür gərginləşməsi son dərəcə narahatlıq doğurur və münaqişənin sülh yolu ilə həllinə ciddi təhlükə yaradır".

O.Quittinq dinc əhalinin tələfatına yönəlmiş hücumları dayandırmağı və atəşkəs rejiminə riayət eyməyə çağırır. Bundan əlavə, o, tərəfləri sülh danışıqları aparmağa çağırıb.

Bundestaq üzvü vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrində ifadə olunduğu kimi, Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onun tərkibində qalacaq: "Yalnız erməni silahlı qüvvələrinin bu ərazilərdən çıxarılması dinc əhalinin tələf olmasının qarşısını ala, sülh prosesinin inkişaf etməsinə isə zəmin yarada bilər".

Məsələ ilə bağlı Avropa Parlamentinin deputatları Raşida Dati (Fransa, Avropa Xalqlar Partiyası), İveta Qriqule (Latviya, Avropa naminə Liberallar və Demokratların Alyansı -ALDA) və İvo Vayqlın (Sloveniya, ALDA) də birgə mövqelərini açıqlayıblar.

Onlar Ermənistanın Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi hərbi cinayət nəticəsində təxribat qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verib, Azərbaycan xalqına dəstəklərini ifadə ediblər”.

Bəyanata əsasən insan ölümü və zorakılıq hallarına son qoyulmalıdır: “Münaqişələrin nizamlanması prosesində yalnız beynəlxalq hüquq normalarına hörmət edilməsinə üstünlük verilməlidir. Zorakılıq həll üsulu kimi seçilməməlidir. ATƏT- in Minsk Qrupu həmsədrləri hər iki tərəfdən hərbi əməliyyatları dayandırmağa çağırıb və biz ATƏT-i Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc vətəndaşların qorunması baxımından daha dəqiq bir öhdəlik götürməsinə çağırırıq.

Avropa siyasətçiləri olaraq, biz həmçinin Ermənistandan əsassız və qeyri legitim siyasi məqsədlər üçün mülki şəxsləri və girov götürülmüş insanları hədəf kimi istifadə etməyə son qoymağı tələb edirik. Bu nəinki qeyri qanunidir, bu - qorxaqlığın təcəssümüdür”.

Ermənistan ordusu tərəfindən Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Quliyeva və 2 yaşlı nəvəsi Zəhra Quliyevanın öldürülməsi ilə bağlı Los-Ancelesdə fəaliyyət göstərən “Churches in Action” (Hərəkətdə olan Kilsələr) təşkilatının və Los-Anceles Dinlərarası Şurasının sədri Yepiskop Xuan Karlos Mendez də Ermənistan prezidenti Serj Sarkisyana açıq məktub ünvanlayıb.

ABŞ-da və dünyanın müxtəlif yerlərində 40-dan çox kilsənin yaradıcısı, Kaliforniyanın ən nüfuzlu xristiyan din xadimlərindən olan X.K.Mendez məktubda həmçinin bildirib ki, ABŞ-da 4 iyul Müstəqillik Gününün qeyd olunduğu bir gündə Ermənistan ordusu tərəfindən Azərbaycanın mülki vətəndaşlarının, xüsusilə balaca Zəhranın öldürülməsi xəbəri onu çox sarsıdıb: “Dünyanın müxtəlif bölgələrində mülki şəxslərə qarşı törədilən vəhşiliklərin davam etməsinin, hətta bəzi yerlərdə gündəlik normaya çevrilməsini ürək ağrısı ilə qeyd edən yepiskop bunun tamamilə qəbuledilməz olduğunu vurğulayır.

Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanılmasının davam etdirilməsi, bu işğal nəticəsində öz yurd-yuvalarından didərgin salınmış və malik olduqları hər şeydən məhrum edilmiş yüz minlərlə azərbaycanlının əzab və iztirabının əsas səbəbidir”.

O qeyd edir ki, bu işğal və ədalətsizlik davam etdikcə daha çox insanlar əzab çəkməkdə davam edəcək və bu faciəvi münaqişənin qurbanları olacaqlar.

Yepiskop Mendez Los-Ancelesdə fəaliyyət göstərən xristiyan din xadimi kimi daim Bibliyanın dediklərini insanlara öyrətməyə çalışdığını qeyd edir və bu səpkidə Bibliyadan sitat gətirir: “Məsum və günahsızları öldürmə, çünki mən günahkarları əfv etməyəcəm” (Exodus 23:7). Mendez Ermənistan prezidentinin diqqətinə çatdırır ki, günahsız mülki şəxslərin öldürülməsi nəinki beynəlxalq hüquq normalarına, həmçinin xristianlığın əsas prinsiplərinə ziddir. Yepiskop öz xristianlığı ilə fəxr edən Ermənistan və onun rəhbərliyinin bu xristian prinsiplərinə riayət etməyin məsuliyyətini dərk edə bilməsinə ümidvar olduğunu bildirir.

Sonda X.K.Mendez Los-Ancelesdə fəaliyyət göstərən müxtəlif dinləri birləşdirən Los-Anceles Dinlərarası Şurası adından və şəxsən öz adından Ermənistan prezidentinə müraciət edərək, ondan bu cinayəti qətiyyətlə pisləməyi və bu qətli törədənləri müəyyənləşdirərək onların cəzalandırılmasını tələb edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə