Politoloq: “Prezident Dağlıq Qarabağı sıfırdan qurmaq iradəsini nümayiş etdirdi” AÇIQLAMA

Politoloq: “Prezident Dağlıq Qarabağı sıfırdan qurmaq iradəsini nümayiş etdirdi” AÇIQLAMA

“Azərbaycan Respublikası Prezidentinin Cocuq Mərcanlıda olması həm emosional, həm də ciddi geosiyasi mesajlarla xarakterizə oluna bilər. Cocuq Mərcanlını bir an da tərk etməyən ailəyə baş çəkməsi, onlarla söhbəti və sonradan ailə başçısını 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etməsi müsbət emosiyanın hədsiz vacib iştirakını göstərdi”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Prezident ordu quruculuğunun Azərbaycan rəhbərliyi üçün ən mühüm məsələ olduğunu bildirdi: “Bu, Prezident İlham Əliyevin Dağlıq Qarabağ tənzimlənməsində dinc danışıqlara deyil, orduya güvəndiyini nümayiş etdirdi. Prezident haqlıdır. Ermənistan Dağlıq Qarabağ tənzimlənməsi barədə yalan danışır, imitasiya ilə məşğuldur. Beynəlxalq aləm heç bir reaksiya vermir. Bəzi dövlətlər Dağlıq Qarabağ tənzimlənməsindən öz maraqları üçün istifadə etmək kursunu götürüblər. Prezident aydın mesaj verdi- Azərbaycan üçün pisdirsə, digər dövlətlər üçün də pis olacaqdır. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana vura biləcəyi ziyan maksimum həddədir. Amma bu münaqişənin qaynar fazaya keçməsi regionda bəzi dövlətlər üçün ciddi problemlər yaradacaq. Fikirlərin, münasibətlərin tez-tez dəyişdiyi zamanda Azərbaycanın iri qonşularını sınağa çəkməyə haqqı var. Çünki regionun digər dövlətlərindən fərqli olaraq Azərbaycanın əlində seçim imkanları var. Regionda, o cümlədən Azərbaycanın ətrafında hərlənən vəziyyəti rəsmi Bakı aydın şəkildə görür. Həm Azərbaycanın özü üçün, həm də irili-xırdalı digər dövlətlər üçün yaranacaq problemləri saf-çürük edir. Azərbaycan minimal itki riski ilə qat-qat böyük qazanc arasında seçim edə bilər.

Cocuq Mərcanlıda baş verənlərin iqtisadi aspekti ön plana çıxır. İşğaldan azad edilmiş bir kəndi sıfırdan bərpa etməklə bütün işğaldan azad olunmuş əraziləri nəinki sıfırdan, hətta mənfidən bərpa etmək iradəsini ortalığa qoydu. Erməni siyasətçiləri bəzən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə Azərbaycanda hakim elitanın iqtisadi maraqları prizmasından şərhlər verirlər. Erməni siyasətçilərinin yanaşması düzgündür, motivasiyası isə səhvdir. İşğal olunmuş torpaqları azad edib, iqtisadi quruculuq prosesləri həm ölkəyə, həm də hakim elitaya çox böyük iqtisadi resurs qazandıracaqdır. Ölkə əhalisinin varlanması elə siyasi elitasının varlanması anlamındadır. Ermənilər bunu nə qədər tez başa düşsələr bir o qədər xeyirlərinədir. İqtisadi reallıqlar da Azərbaycan torpaqlarının mümkün qədər tez işğaldan azad edilməsini diktə edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə