“Dayanıqlı inkişaf məqsədləri: qadınlar və inkişaf” YENİLƏNİB

“Dayanıqlı inkişaf məqsədləri: qadınlar və inkişaf” YENİLƏNİB

Bu gün Bakıda “Dayanıqlı inkişaf məqsədləri: qadınlar və inkişaf” mövzusunda konfrans işə başlayıb. SİA-nın verdiyi məlumata görə, tədbir Birləşmiş Millətlər Təşkilatı (BMT), İqtisadiyyat Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə keçirilib.

Konfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər və layihələr barədə məlumat verib. Bildirilib ki, Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi ilə yanaşı, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının qarşısının alınması, qadın sahibkarlığının inkişaf etdirilməsi məqsədilə mühüm dövlət sənədləri qəbul edilib. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan qadınları müxtəlif sahələrdə layiqli şəkildə təmsil olunurlar. Bu gün qadınlarımızın əldə etdikləri yüksək nailiyyətlər görülən işlərin mühüm göstəricisidir. Ölkəmizdə qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Son illərdə dövlət qadın siyasətinin gücləndirilməsi, eləcə də hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı qəbul olunan qanunlar bir daha göstərir ki, Azərbaycanda bu proses davamlıdır. Azərbaycan hökuməti Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün bütün qüvvələrini səfərbər edib. Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində həyata keçirilən tədbirlərin reallaşmasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və ofisinin verdiyi dəstək xüsusi vurğulanıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai çıxışında bildirib ki, Azərbaycanda gender bərabərliyinə xüsusi diqqət yetirilir. O qeyd edib ki, dünyada qadınlar sosial sahələrdə daha çox aktivlik nümayiş etdirirlər: “Bir sıra ölkələrdə qadınlar parlamentdə və digər dövlət işlərində təmsil olunurlar. Ancaq təəssüf ki, qadınlara qarşı diskriminasiyanın mövcud olduğu ölkələr də var. Azərbaycanda isə gender bərabərliyi inkişaf edir, qadınların ictimai həyatda iştirakı artır. Hətta Azərbaycan 1918-ci ildə Şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə olub".

Q.İsakzai bildirib ki, Azərbaycan gender bərabərliyi ilə bağlı bir sıra konvensiyalara qoşulub: “Azərbayсanda qadınlar ölkə rəhbərliyində də təmsil olunur. Azərbaycanla bu sahədə işləri davam etdirməliyik. Dayanıqlı İnkişaf Məqsədlərində gender bərabərliyinə xüsusi önəm verilir. Biz əmin olmalıyıq ki, Dayanıqlı İnkişaf Məqsədlərinin gender bərabərliyi ilə bağlı komponentləri də uğurla yerinə yetirilir. Qadınların iqtisadi həyatda roluna önəm verməsək, ölkənin inkişafını dayandırmış oluruq".

Müzakirələrdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova bildirib ki, 2012-ci ildə sahibkarlar arasında qadınların xüsusi çəkisi 17 faiz olubsa, 2017-ci ilin əvvəlində bu göstərici 21 faizə çatıb: "Azərbaycan parlamentində qadınların xüsusi çəkisi 188 faizə çatıb. 78 rayon icra hakimiyyətindən 71-də icra başçılarının müavinləri qadınlardır. Azərbaycanda qadın alverinin qarşısının alınması və uşaqlara qarşı zorakılığın qarşısının alınması istiqamətində ardıcıl işlər görülür. Azərbaycan hökuməti uşaqların, qadınların təhsilinə xüsusi diqqət yetirir. Bu sahədə fəallığın artırılması qarşımızda əsas vəzifə kimi dayanır. Qadınların iqtisadi resurslara, informasiyaya çıxışında çatışmazlıqlar var və bu sahədə maarifləndirmə işlərin artırmalıyıq. Bakı Dövlət Universiteti və Xəzər Universitetində gender bərabərliyi fənni tədris olunur. Dayanıqlı İnkişaf Məqsədlərinin tədris proqramlarına daxil edilməsi məqsədəuyğun olardı".

Sonra çıxış edən Milli Məclisin Sədr müavini Bahar Muradova bildirib ki, bu gün Azərbaycanda demokratik ənənə və qadınların bu prosesdə rolu mövcuddur: “Qadınlar cəmiyyətin, dövlətin ayrılmaz bir hissəsidir və qadınlarsız həyat mümkün deyil. Azərbaycanda gender bərabərliyinin həyata keçirilməsi üçün qanunvericilikdə heç bir məhdudiyyət yoxdur. Ailə kimi çətin bir institutun öhdəsindən gələn qadınların potensialından nə üçün cəmiyyət və dövlət üçün istifadə etməyək?"

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova da çıxış edərək qadınların ictimai və iqtisadi həyatda rolundan danışıb. O qeyd edib ki, Azərbaycanda tarixən qadına qarşı hörmət olub: “Azərbaycanda mədəniyyətin inkişafında qadınların rolu böyük olub. İqtisadi baxımdan da qadınların rolu danılmazdır. İnkişafın bir neçə amili var, insan, əmək resursu, kapital resursu. İnsan kapitalı resursunu qadınlarsız təsəvvür edə bilmərik. Maddi, təbii resurslar tükənəndir, ancaq insan resursları tükənməzdir və burada qadınların rolu danılmazdır”.

Daha sonra tədbir müzakirələrlə davam etdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə