Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır

Donald Tramp: "Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik"
Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır

Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə böyük nüfuz qazanan müstəqil Azərbaycan Respublikası qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə böyük əhəmiyyət verir, qarşılıqlı münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafını dəstəkləyir. Rəsmi Vaşinqton da, öz növbəsində, Cənubi Qafqazın güc mərkəzinə çevrilən, sürətli iqtisadi inkişafı ilə dünyanın diqqətini cəlb edən, qlobal və regional əhəmiyyətli enerji layihələrini reallaşdıran və Avropanın enerji təhlükəsizliyi xəritəsini formalaşdıran yeni layihələrin təşəbbüskarı kimi çıxış edən qeyri-adi geostrateji önəmə malik olan respublikamızla çoxtərəfli əməkdaşlığın inkişafında, xüsusilə, maraqlı olduğunu dəfələrlə bəyan edib. Ölkələrimizin münasibətlər sisteminə nəzər yetirdikdə bir daha əminlik yaranır ki, ABŞ-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində uğurla davam etdirilir.

Azərbaycanın, xüsusilə, etibarlı tərəfdaş olması, gündən-günə daha da güclənməsi, daxili və xarici siyasətini daim qlobal çağrışların tələbləri çərçivəsində yeni meyarlarla zənginləşdirməsi və Cənubi Qafqazın aparıcı dövləti kimi regionu qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməsi istiqamətində mühüm diplomatik-siyasi səylərini əsirgəməməsi dünyanın aparıcı dövlətlərinin, xüsusilə, ABŞ-ın diqqətini cəlb edir. Bu reallığı ifadə edən Amerikanın dövlət xadimləri, siyasətçiləri və ekspertləri Amerika üçün ölkəmizin, hətta inkişaf etmiş Avropa dövlətlərindən daha etibarlı tərəfdaş, müttəfiq olduğunu qeyd edirlər. Dünyada böyük nüfuza malik olan və bütün hesabatları, siyasi təhlilləri diqqətlə izlənilən və çoxları tərəfindən ABŞ dövlətinin mövqeyinin ifadəçisi kimi qiymətləndirilən strateji araşdırma qurumu olan Stratfor Qlobal Araşdırmalar

Mərkəzinin təsisçisi və rəhbəri, siyasi analitik Corc Fridman hələ bir neçə il əvvəl səsləndirdiyi fikrini bir daha xatırladaraq bildirib ki, yaxın gələcəkdə ABŞ-ın dünyadakı ən yaxın müttəfiqi Azərbaycan olacaq. Elə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp da eyni kontekstdə fikirlər səsləndirib. Belə ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi məktunda qeyd edib ki, Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır: "Biz birgə səylərimizlə terrorizmə qarşı mübarizə apararaq, qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırıq. Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik.

Azərbaycan Avropa üçün yeni enerji mənbəyidir və biz bu sahədə uzunmüddətli və uğurlu əməkdaşlığımıza görə Sizə minnətdarıq. Sizin iqtisadiyyatınızı şaxələndirmək istiqamətində gördüyünüz işlərlə bərabər, biz ölkələrimiz arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyirik. Amerika Birləşmiş Ştatları, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir. Mən bu mühüm tarix münasibətilə Sizi təbrik edirəm və həm ölkələrimiz, həm də dünya üçün daha gözəl gələcək naminə Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm".

Bir sözlə, bu gün Azərbaycan regional güc kimi dünyanın supergüclərilə fəal əməkdaşlıq münasibətlərindədir. Məhz ABŞ-la olan strateji əlaqələr bundan da sonra da inkişaf edəcək və bu əməkdaşlıq yeni-yeni uğurların qazanılmasına əsas yaradacaq.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə