Arkadi Karapetyan: “Astvas"dan xahiş edəcəyik, bizə bu işdə kömək olsun”

Arkadi Karapetyan: “Astvas"dan xahiş edəcəyik, bizə bu işdə kömək olsun”

Birinci Qarabağ müharibəsində Qarabağ erməni işğalçı-separatçı qüvvələrinə komandanlıq etmiş Arkadi Karapetyan növbəti dəfə düşmənçilik xislətini gizlətməyərək, həyasız fikirləri ilə gündəmə çıxıb. SİA-nın məlumatına görə, 1in.am saytının rusdilli bölməsinə müsahibə verən erməni generalı Dağlıq Qarabağ üzrə aparılan danışıqlarda güzəşt addımlarının atılmayacağını deyərək, hətta Bakını da "işğal" edəcəkləri fikrini həyasızlıqla səsləndirib: "Təklif edirəm, Bakını götürürük və bu məsələni birdəfəlik olaraq bağlayırıq".

Həyasız erməni generalı əlavə olaraq, hətta beynəlxalq aləmin onun bu təklifinə hansı reaksiya verəcəyini də vecinə almadığını bildirib. "Bakını almaq üçün biz ilk növbədə millətə çəki-düzən verməliyik", - deyə fikir bildirən Arkadi Karapetyana görə, məhz belə də olacaqmış: "Kimin nə deməyindən, hətta dünyanı idarə edənlərin rəyindən asılı olmayaraq... Onlara elə gəlir ki, hər şeyi özləri (dünyanı idarə edənlər-red.) həll edir: ancaq bu işi xalq həll edəcək, "astvasdan" (erməni dilində Allah-red.) xahiş edəcəyik ki, bizə bu işdə kömək olsun. Ötən müharibədə də belə idi, apreldə də, indi də elə olacaq".

Karapetyan öz həyasız müsahibəsində beynəlxalq aləmə də irad tutaraq, Ermənistanın kiçik ölkə olması sözlərinə də eyni halı nümayiş etdirib: "Problem ondadır ki, kim bu sözlərə inanır, ya da inanmır. Mən heç kimi qınamıram, çünki anladıqları o qədərdir. Əgər deyirlərsə biz çox kiçiyik, onda necə, Ermənistanı bağlayıb, çıxıb-gedəkmi?".

Xatırladaq ki, həyasız erməni hərbçisi Arkadi Karapetyan birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı xüsusi amansızlığı və qəddarlığı ilə seçilən generallardandır və ona qarşı da açılan cinayət işi qüvvəsində qalmaqdadır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə