Əflatun Amaşov: "ÜAK-la bağlı qərar bütün prinsipləri pozur" AÇIQLAMA
"Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK ) qeydiyyatının ləğvi istər-istəməz Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərəcək". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Əflatun Amaşov deyib.
Azərbaycanlılar tərəfindən Rusiya dövlətçiliyinə heç zaman zərbə vurulmadığını deyən deputat bildirib ki, amma başqa xalqların nümayəndələri üçün bunu deyə bilmərik: "Rusiya Azərbaycan üçün tərəfsiz dövlət olmalıdır. Çünki qonşu ölkə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Əgər Rusiya bu gün Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın 60 illik yubileyi ilə əlaqədar böyük bayram tədbiri keçirirsə və Rusiya Prezidenti Vladimir Putin ona təbrik məktubu göndərirsə, Azərbaycana isə bu cür münasibət göstərirsə, bu, artıq Rusiyanın tərəfsiz olmadığını göstərir. Bu da bu ölkəni Cənubi Qafqazda nüfuzdan sala, Cənubi Qafqazla bağlı müəyyən problemlər yarada bilər. Məncə, bu məsələ gündəmə gələ bilər".
Rusiyanın çoxmillətli dövlət olduğunu dilə gətirən Ə.Amaşov ÜAK-la bağlı qərarın Rusiya vətəndaşlarının birləşmək azadlığının qorunması prinsiplərini pozur: "Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın ləğvi üçün əsas götürülən texniki səbəblərin aradan qaldırılmasına çalışmalı idi. Konqresin prezidenti Fazil Qurbanov çıxışında da bildirdi ki, burada sırf texniki xətalardan söhbət gedə bilər. Belə olan halda, Ədliyyə Nazirliyi təşkilatların belə səhvlərini düzəltməyə çalışmalıdır. Son 4 ayda həyata keçirilən araşdırmalar isə birmənalı qaydada səhvlərin düzəldilməsinə deyil, əlavə səhvlərin axtarılmasına yönəldi. Nəticədə Rusiya Ədliyyə Nazirliyinin məktubu məhkəmədə əsas götürüldü və konqres ləğv olundu. Lakin Rusiyada çoxsaylı diaspor təşkilatları var. ÜAK-ın ləğvi Rusiyada hansısa bir xalqın diaspor təşkilatının bağlanılması ilə nəticələnən ilk addımdır. Əminəm ki, Rusiya tərəfi bu məsələləri ciddi araşdıracaq, hüquqa söykənərək ÜAK-ın ləğvi ilə bağlı qərarını dəyişəcək".
Ə.Amaşov həmçinin qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlılar qonşu ölkənin iqtisadi durumunun yaxşılaşmasında önəmli rol oynayırlar: "ÜAK-ın ləğvi ilə həmin insanlar hüquqlarının pozulduğunu hiss edəcəklər. Bu məsələdə biz erməni faktorunu da mütləq diqqətdə saxlamalıyıq. Aprel döyüşlərindən əvvəl və sonra da erməni ekspertləri dəfələrlə vurğulayıblar ki, Rusiya-Azərbaycan münasibətləri soyuq, Rusiya-Ermənistan münasibətləri daha isti olmalıdır. Onlar həm öz əlaqələri, həm də diaspor təşkilatları vasitəsilə münasibətlərin soyuması üçün işlər gördülər. Eyni zamanda, Rusiyada hakimiyyətdə olan anti-azərbaycan qüvvələri ilə əməkdaşlığı möhkəmlətdilər. Biz də həmin nəticənin şahidi olduq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB