Sabunçuda qanvermə aksiyası keçirilib

Sabunçuda qanvermə aksiyası keçirilib

Akademik Zərifə xanım Əliyevanın xatirəsinə olan ehtiramın əlaməti olaraq Sabunçu rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə "Qan ver, yaşat" devizi adı altında humanist aksiya – qanvermə aksiyası keçirilib. SİA-nın verdiyi məlumata görə, aksiyada Sabunçu RİH-nın başçısı Adil Vəliyev, İcra başçısının birinci müavini Güloğlan Məmmədov, başçının müavini Arzu Məmmədova, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, rayon ərazisində fəaliyyət göstərən 10-larla müəssisə və təşkilatlardan könüllülər iştirak edib. Ümumilikdə aksiyada 350 nəfər iştirak edib.

Aksiya çərçivəsində bu nəcib təşəbbüsə qoşulanlar görkəmli alimin xalq qarşısındakı xidmətlərini bir daha qeyd edərək insanlara nur, həyat işığı bəxş edən nəcib və xeyirxah insanın unudulmaz xatirəsinə dərin hörmət və ehtiram bildiriblər. Akademik Zərifə Əliyevanın göstərdiyi xeyirxah əməllər bu gün də hər birimiz üçün örnəkdir, həyat məktəbidir.

Qanvermə prosesini Səhiyyə Nazirliyi Hematologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankının həkim briqadası həyata keçirib.

Talasemiyalı, hemofliyalı xəstə uşaqlar üçün nəzərdə tutulan qanın nə qədər həyati əhəmiyyət kəsb etdiyini dərindən başa düşən Sabunçu rayonunun sakinləri bu aksiyada fəallıq nümayiş etdiriblər. Uşaqlar üçün nəzərdə tutulan bu aksiyanın rayonun bütün qəsəbə və kəndlərində də keçirilməsi nəzərdə tutulub. Qanvermə aksiyasında iştirak edən bütün insanlara lazımi xidmət göstərilib. Gün ərzində mindən çox rayon sakini bu xeyirxah tədbirdə iştirak edib.

Aksiyada rayonun müxtəlif təşkilatlarını təmsil edən vətəndaşlar həvəslə iştirak etdilər. Donorlar üçün hazırlanmış şirniyyat, çay və kofedən istifadə etməklə bir daha belə aksiyaların davamlı olmasını dilədilər.

Bütün xəbərlər Facebook səhifəmizdə