“Qarabağdakı vəziyyət böyük müharibənin alovlanmasına gətirib çıxara bilər”
"Son günlər keçirlmiş bir sıra yüksək səviyyəli görüşlərdə Dağlıq Qarabağ münaqişəsinə dair real danışıqların başlanması və hazırkı vəziyyətin yaratdığı təhlükələr, risklər müzakirə olunub. Hər kəs anlayır ki, mövcud vəziyyətin davam etməsi doğurdan da böyük bir müharibənin alovlanmasına gətirib çıxara bilər". Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib.
O bildirib ki, Qarabağa dair danışıqlar demək olar ki, üç ilə yaxındır aparılmır: "Düzdür görüşlər keçirilib, lakin orada danışıqların gündəliyi, hansı tərzdə müzakirələrə başlanılması ətrafında fikir mübadiləsi aparılıb. Bu görüşlərdə ancaq gündəliyi müəyyənləşdirmək mümkün olub. Yəni mahiyyətcə danışıqlar çoxdan getmir".
Politoloq əlavə edib ki, Azərbaycanın təkidi ondan ibarətdir ki, hansısa bir etimad yaratmaq, cəbhə xəttində monitorinq təşkil etmək və digər bu kimi kənar məsələlər deyil, əsas məsələlər müzakirə edilsin: "Yəni substantiv adlanan mahiyyətcə danışıqlar aparılmalıdır. Bunun başlanıb başlanmayacağını demək çətindir. Hər halda indiki vəziyyət bu məsələdə ümidli olmağa əsas vermir".
Həmsədrlərin Azərbaycana səfərinə də toxunan R.Musabəyov onların 20 ildir regiona səfər etdiklərini xatırlaıb: "Əgər ötən illər ərzində bu gəliş-gedişlərin heç bir nəticəsi olmayıbsa, hazırkı səfərdən də hansısa bir yenilik gözləməyə dəyməz. Onlar maaş alırlar və vəzifələri bundan ibarətdir ki, təkcə Parisdə, Londonda isti yerdə oturub danışmasınlar, münaqişə bölgəsinə də gəlsinlər. Ancaq eşitməmişəm ki, indiyə kimi həmsədrlərin düyünə düşmüş vəziyyətdən çıxışla bağlı bir ideyaları olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB