Pentaqon terrorla sürətli mübarizə üçün yeni plan hazırlayıb TRAMPIN SƏRƏNCAMI

Pentaqon terrorla sürətli mübarizə üçün yeni plan hazırlayıb TRAMPIN SƏRƏNCAMI

ABŞ-ın müdafiə nazirllyi Donald Trampın sərəncamına əsasən Suriyada və İraqda "İslam dövləti" terror təşkilatı ilə mübarizə istiqamətində Ağ evə yeni hazırlanmış planını təqdim edib. SİA-nın xəbərinə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis Amerika mətbuatına məlumat verib.

Qeyd olunur ki, vəzifə səlahiyyətlərinin icrasına başladıqdan sonra Tramp Pentaqona yeni və konkret planın işlənib-hazırlanması üçün 30 gün vaxt vermişdi. O, güc strukturundan terrorçulara qarşı mübarizədə sürətli və tamamilə məhvetmə prosesinə cavab verəcək plan istəmişdi.

Devisin sözlərinə görə, yeni mübarizə planının layihəsi müdafiə naziri Cim Mettis tərəfindən Ağ evə təqdim olunub. "Biz, planın daha da təkmilləşdirilməsi üçün hərbi rəhbərliklə davamlı dialoq mühiti qurmaqdayıq"-deyə bildirilib.

Müşahidəçilər hesab edirlər ki, planın layihəsində ABŞ-a məxsus hərbi kontingentin sayının Yaxın Şərqdə artırılması təklifləri də yer ala bilər.

Bundan öncə isə terror təşkilatlarının təhlükəsi ilə bağlı çıxış edən ABŞ-ın birləşmiş qərargah rəisləri komitəsinin sədri Cozef Danford bəyan etmişdi ki, təhlükənin yalnız Suriya və İraqdan gəlməsi nəzərdə tutulmayıb, bu təhlükə ümumilikdə transregional xarakterlidir: "Hazırkı məqamda biz konkret olaraq "İslam Dövləti"ndən danışırıq, ancaq ondan başqa "Əl-Qaidə" və başqa qruplaşmalar da mövcuddur ki, onlar transregional təhlükə yaradırlar".

Amerikalı generalın fikrincə, terrorçulara qarşı silahlı mübarizə ilə yanaşı, diplomatik səyləri də artırmaq lazımdır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə