“Kaspi” maarifçilik meydanı” kitabının təqdimat mərasimi keçirilib YENİLƏNİB
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Artkaspi.az adlı ədəbi-mədəni saytın və "Kaspi" maarifçilik meydanı" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumatına görə, tədbirdə "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, qəzetlərin baş redaktorları, KİV nümayəndələri iştirak edib.
MŞ sədri, millət vəkili Əflatun Amaşov tədbiri giriş sözü ilə açaraq deyib ki, Azərbaycan dastanları, musiqisi ilə bağlı çoxsaylı əsərlər məhz "Kaspi" qəzetində dərc olunub: "Bu qəzet eyni zamanda Azərbaycan mədəniyyətini yayan, Azərbaycan mədəniyyətinin maarifçiliyini öz üzərinə götürən bir nəşr idi. Artkaspi.az saytı da məhz "Kaspi"nin həmin ənənəsini davam etdirir. Azərbaycan mədəniyyəti, ədəbiyyatı ilə bağlı diqqəti cəlb edən məqamlara toxunacaq və öz oxucularını həmin sahədə olan informasiyalarla məlumatlandıracaq. "Kaspi" qəzetinin redaksiyası "Kaspi"nin arxivini bir müddət bundan əvvəl əldə edib. Artıq arxiv "Kaspi" qəzetindədir. Bu gün "Kaspi"nin həmin arxivini M.F.Axundov adına Milli Kitabxanaya təqdim edəcəyik. "Kaspi" maarifçilik meydanı" kitabı sözün həqiqi mənasında mükəmməl hazırlanıb. Kitabda sistem tamamilə başqa cürdür".
"Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva "Kaspi Maarçilik Meydanı" kitabı haqqında məlumat verib. Qeyd edib ki, kitabda dərc olunan materillar "Kaspi" qəzetində yer almış mövzulardır: "Zaman-zaman Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov, Hacı Zeynalabdin Tağıyev və başqa maariçilərimiz haqqında yazıları dərc etdik. Tağıyevin maarifçilərin sırasına aid edilməsinə təəccüblənənlər də oldu. Bunu da biz cəsarət etdik. Bu gün Tağıyev adını ziyalı qoyan çox ziyalıdan yuxarıda durur".
Sona Vəliyeva bildirib ki, bu böyük şəxsiyyətlər haqqında Prezident Sərəncamı var. Kitabda Sərəncam və həmin şəxsiyyətlər haqda ekspertlərin rəyləri də öz əksini tapdı: "Biz düşündük ki, bu qədər qiymətli faktlar bir qəzetin səhifəsində tapılmaya bilər, kitab isə bir xəzinədir. Qərara gəldik ki, həmin məlumatları bir kitab halına gətirək. Bunu "Kaspi Təhsil Şirkəti" və "Kaspi" qəzetinin birgə layihəsi əsasında ərsəyə gətirdik".
Sona Vəliyeva əlavə edib ki, onlar haqqında kitabın çapına bu tarixi şəxsiyyətlərin hamıdan çox haqları var: "Çünki onlar sıradan maarifçilər deyillər. Onlar maarifçilik ideyasını irəli sürüb milli şüurun oyanmasında, milli azadlıq hərəkatının formalaşmasında, AXC-nın qurulmasına qədər cəsarətli bir yol keçmiş, bəzən ölümü gözlərinin önünə almışlar. Əgər Çar Rusiyası qəzetin çapına icazə verəndə bilsəydi ki, maarifpərvər şəxs tərəfindən alınacaq, Həsən bəy Zərdabi dolayı yolla redaktorluq edəcək, Azərbaycan mətbuatına yenidən ağsaqqallıq edəcək buna icazə verməzdi".
"Kaspi" qəzetinin təsisçisi vurğulayıb ki, arxiv materiallarında Jandarm İdarəsinin Mətbəə Senzura İdarəsinə yazdığı belə bir fikir var: "Deyilir ki, siz Tağıyevi sıradan iş adamı bilməyin, o, Orta Asiya, Rusiya və Qafqaz da daxil olmaqla çox böyük nufuza malik istedadlı adamdır. Həmin yazıda Həsən bəyi nəzərə alaraq yazıblar ki, qəzeti belə bir qorxulu adamın himayəsinə vermək olmaz".
Artkaspi.az saytının baş redaktoru Fərid Hüseyn təqdim etdikləri saytın ədəbiyyat və mədəniyyət portalı olduğunu bildirib: "Bu sayt "Kaspi" qəzetinin həftəlik Ədəbiyyat sayının əlavəsi kimi yaradılsa da, hər gün yenilənən müstəqil saytdır".
F.Hüseyn bildirib ki, ölkəmizin ədəbiyyat, mədəniyyət, humanitar elm, kino, teatr kimi sahələrindəki yenilikləri, maarifləndirici yazıların dərc edən saytın məqsədi, ölkəmizin ədəbi və mədəni sahələr üzrə yeniliklərini dünyaya çatdırmaq, habelə bəşəri uğurları, dünyanın humanitar sahələrinin aparıcı şəxslərinin elmi, ədəbi irsini xalqımıza tanıtdırmaqdır: "Saytın "Elektron kitabxana" bölməsi fəaliyyət göstərir və buradan nəşriyyatlardan toplanmış, ən müxtəlif sahələri özündə birləşdirən minlərlə kitabı əldə edə biləcəksiniz. Habelə, saytın layihələri əsasında ən dəyərli materiallar elektron kitab kimi hazırlanır".
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib ki, "Kaspi"ni üç əsrin qəzeti adlandırmışıq: "Hər zaman da özümüzü tarixi "Kaspi"nin varisləri kimi aparmağa çalışırıq. Həmişə də o tarixi "Kaspi"nin irsini təbliğ etməyə, ictimaiyyətə, cəmiyyətə çatdırmağa çalışırıq. Bu istiqamətdəki fəaliyyətlərimiz zamanı bizə məlum oldu ki, tarixi "Kaspi"nin arxivi Avropa ölkələrinin birində saxlanılır. Biz əlaqələrimizi işə saldıq və müəyyən danışıqlar apardıqdan sonra məlum oldu ki, "Kaspi"nin nüsxələri elektron variantda, həmçinin o dövrdə çıxan bir sıra qəzetlərin nüsxələri Hollandiyadakı bir mətbəədə saxlanılır. Sonradan biz danışıqlar aparandan sonra həmin nüsxələri ölkəmizə gətirmək barədə razılaşma əldə etdik".
Azərbaycan Milli Kitabxanasının (AMK) direktoru Kərim Tahirov isə bildirib ki, Milli Kitabxananın saytı vasitəsilə nüsxələr bütün dünyaya yayılacaq: "Ümumiyyətlə "Kaspi" qəzeti çox gözəl işlər görür. Hətta deyərdim ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində fəaliyyət göstərən "Kaspi" qəzetinin bu ənənələri davam etdirilsin. "Kaspi" maarifçilik meydanı" kitabı da bu gözəl ənənənin davamıdır".
Sonda "Kaspi"nin bütün nömrələrinin elektron variantı Milli Kitabxanaya bağışlanıb, İsa Hüseynovun həyat və yaradıcılığına həsr olunmuş Ədəbiyyat Əlavəsinin xüsusi sayı təqdim edilib.
Tədbir digər çıxış edənlərin fikirləri ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB