Ukrayna bu dəfə qəti hücuma hazırlaşır “DXR”-ə qarşı

Separatçıların lideri: “Poroşenkonun yeganə çıxış yolu müharibədir”
Ukrayna bu dəfə qəti hücuma hazırlaşır “DXR”-ə qarşı

"Ukrayna silahlı qüvvələri Donetsk yaxınlığına müxtəlif tipli hərbi texnikasını, artilleriya qurğularını yeritməyə başlayıb". SİA xəbər verir ki, bu barədə tanınmayan qondarma "Donetsk Xalq Respublikasının" ("DXR") lideri Aleksandr Zaxarçenko danışıb.

"Hazırda vəziyyət ağırdır, qarşı tərəf bütün hərbi texnikasını, səhra mətbəxini, qərargahlarını bizə tərəf döndərib və bu, hücuma hazırlığın nişanələridir"-deyə Zaxarçenko jurnalistlərlə söhbətində deyib.

Separatçıların liderinin dediyinə görə, hər kəsə aydındır ki, Poroşenkonun yeganə çıxış yolu müharibədir: "O, müharibə vasitəsilə bütün dünya birliyinin və Avropanın diqqətini öz üzərinə yönəltmək fikrindədir".

Zaxarçenko Ukrayna tərəfini, həmçinin prezident Petro Poroşenkonu hədələməyi də unutmayıb və bildirib: "Biz hazırıq. Bizim silahlı qüvvələr yalnız hərbi məşğələlər keçməyib, eyni zamanda 2, 5 il savaç aparıb. Bu, Poroşenkonun sonuncu hücumu olacaq".

Bununla yanaşı, "DXR"-in rəhbəri Kiyevin Donetskdə hərbi vəziyyət tədbiq etməsinə inanmadığını da deyib.

"Əgər onlar anti terror əməliyyatlarını dayandırıb hərbi vəziyyət tədbiq etsələr, bu zaman onlar aldıqları kreditlərdən məhrum olacaqlar. Hesab edirəm ki, onlar buna getməyəcəklər. Ümumiyyətlə, bizim üçün fərqi yoxdur, biz Ukrayna ilə müharibə vəziyyətindəyik"-Zaxarçenko bildirib.

Bundan öncə Ukraynanın xarici işlər naziri Pavel Klimkin Donetskdə gərginliyin artacağı təqdirdə orada həbri vəziyyətin tədbiq olunacağını istisna etməmişdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə