Türkiyə Səfirliyinin mətbuat üzrə müşaviri “SƏS” qəzetində FOTOLAR - SƏS TV
Bu gün Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz "SƏS" qəzetinin redaksiyasında olub. SİA-nın məlumatına görə, görüşün məqsədi Azərbaycan və Türkiyə mediası arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparmaqdan, eləcə də iki ölkə arasında mövcud olan qardaşlıq tellərinin daha da inkişaf etdirilməsindən ibarət olub. .
Hamit Karadeniz bildirib ki, Türkiyədə bu il iyulun 15-də həyata keçirilmiş dövlət çevrilişi cəhdi Azərbaycanın kütləvi informasiya vasitələrində, o cümlədən ölkə ictimaiyyəti tərəfindən qətiyyətlə pislənilib: "Belə mövqe son dərəcə vacib əhəmiyyət daşıyır və bu bir daha təsdiq edir ki, qardaş Azərbaycan bütün zamanlarda Türkiyənin yanında olub və bundan sonra da olacaq".
H.Karadeniz əlavə edib ki, Fətullah Gülən tərəfindən idarə olunan FETÖ terrorçu qruplaşmaların gerçəkləşdirmək istədikləri məkrli plan Türkiyənin dövlətçilik maraqlarına ciddi təhdid idi: "Bu planın Azərbaycana təsiri barədə müxtəlif fikirlər səsləndi, mülahizələr irəli sürüldü. Mövcud durum məsələyə qardaş ölkələrin dövlətçilik maraqları nöqteyi-nəzərdən yanaşmanı aktuallaşdırır. Həmçinin, Türkiyənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan güclü iradə nümayiş etdirərək, hadisələrin böyüməsinin qarşısını almaqdan ötrü xalqa çağırış etdi və xalq dövlətçiliyin müdafiəsinə qalxdı. O cümlədən, bir daha bəlli oldu ki, hadisələr zamanı olaylardan xəbərsiz bir çox insan Türkiyə dövlətçiliyinin təhlükədə olduğunu bildikdən sonra gecə-gündüz onun müdafiəsində dayandı".
Mətbuat müşaviri hadisələr ərəfəsində başda Azərbaycan Prezidenti cənab İlham Əliyev olmaqla Azərbaycan xalqının da narahatçılıq keçirdiyini, bunun isə ölkələr arasındakı sarsılmaz birliyin, ayrılmazlığın təcəssümü olduğunu bildirərək əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin "Bir millət iki dövlət" kəlamı burada öz təsdiqini tapmış oldu. O cümlədən, Türkiyə xalqının Ulu Öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri də bizim kədərimizdir" tarixi ifadəsi əbədi qardaşlığın bariz göstəricisidir.
Hamit Karadeniz bir daha Azərbaycan mediasının həmin vaxtlarda hadisələrə dolğun və dəqiq yanaşdığını peşəkarlıq adlandıraraq bu yanaşmanı doğru və dürüst şəkildə cəmiyyətə çatdırıldığını vurğulayıb.
"SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev də öz növbəsində Türkiyə səfirliyin mətbuat müşavirinə göstərdiyi diqqətinə görə təşəkkürlərini çatdırıb və qeyd edib ki, hər iki ölkə mediası Azərbaycan və Türkiyənin ortaq maraqlarından çıxış edərək fəaliyyət göstərməkdədir. Bu cəhət illərdən bəri həyata keçirilən işlərin nəticəsidir.
Bəhruz Quliyev Hamit Karadenizə tarixi faktlardan danışaraq bildirib ki, Türkiyədə baş verən hadisələrin bənzəri ötən əsrin 1993-1994-cü illərində Azərbaycanda yaşanmışdı və onda da Türkiyədə olduğu kimi yüz minlərlə insan Bakıda Prezident Administrasiyasının qarşısına toplaşaraq dövlətçiliyin müdafiəsinə qalxmış, Ulu Öndər Heydər Əliyevin ətrafında sıx biləşmişdi.
Görüşün sonunda Türkiyə Səfirliyinin mətbuat üzrə müşaviri Hamit Karadeniz 15 iyul hadisələri zamanı FETÖ terror təşkilatının xainləri tərəfindən Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasına hərbi helikopterlər və təyyarələrlə edilən bombalı hücumdan sonra özündə binanın qalırlarını əks etdirən xatirə löhvəsini "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyevə təqdim edib. Qeyd olunub ki, bu xatirənin əbədiləşdirilməsi gələcəkdə bir daha bənzər hadisələrin yaşanmaması, yaddaşlarda saxlanılması üçün nəzərdə tutulub.
Görüşün sonunda xatirə fotosu çəkilib.








Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB