Diasporla İş üzrə Dövlət Komitəsi illik hesabatını verdi

Diasporla İş üzrə Dövlət Komitəsi illik hesabatını verdi

"Diasporla İş üzrə Dövlət Komitəsi 2016-ci ildə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, həmvətənlərimizin yaşadıqları ölkələrin ictimai-siyasi həyatında iştirak səviyyəsinin artırılması, Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, habelə diaspor təşkilatları arasında Azərbaycan naminə əməkdaşlığın daha da gücləndirilməsi və inkişafı istiqamətində fəaliyyətini davam etdirib". Bu barədə SİA-ya eksklüziv Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, dünyanın müxtəlif ölkələrində Azərbaycan diaspor təşkilatları tərəfindən 400-dən çox layihə və tədbir həyata keçirilib.

2016-ci ilin 10-11 mart tarixlərində Bakı şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IV Qlobal Bakı Forumu keçirilib. "Çoxqütblü dünyaya doğru" mövzusuna həsr olunan IV Forumda qlobal etimadsızlıq və təhlükəsizlik (İŞİD və terrorizm; Suriya, Ukrayna münaqişələri), regional dinamiklik və təhlükələr (İran, Xəzər regionu, Suriya və daha geniş Avropa), iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri, iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu, multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılıb. Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan prezidentlərinin də qatıldığı Forumda 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində geniş nitq ilə çıxış edib.

2016-cı ilin 3-4 iyun tarixlərində Bakı şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlarının IV Qurultayı keçirilib. 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonağın iştirak qurultayın açılış mərasimində Prezident İlham Əliyev geniş nitq söyləyərək tədbir iştirakçılarına tövsiyələrini verib. Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları və s. prioritet məsələlər müzakirə olunub. Sonda Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin Prezident İlham Əliyevə Müraciəti, Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Dünya İctimaiyyətinə, Beynəlxalq Təşkilatlara, Xarici ölkələrin hökumət rəhbərlərinə, Parlamentlərinə Müraciəti, Qurultayın Qətnaməsi, Dünya azərbaycanlılarına Müraciət, Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə Müraciəti qəbul olunub.

2016-cı ilin 9-11 dekabr tarixində Qəbələ şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə X Yüksək Səviyyəli Toplantı keçirilib. Tədbirdə 20 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə 50-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm adamı iştirak edib. İştirakçılar arasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Madrid Klubunun Prezidenti, Latviyanın sabiq dövlət başçısı Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Kolumbiyanın keçmiş dövlət başçısı Andres Pastrana, Bosniya və Herseqovinanın sabiq hökumət başçısı Zlatko Laqumciya, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Moldovanın sabiq Prezidenti Petru Luçinski və digər nüfuzlu şəxslər də olub. "Artan zorakı ekstremizm və onun qarşısının alınması yolları" mövzusuna həsr olunmuş tədbirdə ekstremizmin yayılma səbəbləri, beynəlxalq sülhə və təhlükəsizliyə müasir təhdidlər, habelə terrorizm və ona qarşı mübarizə üsulları, terrora qarşı mübarizədə gənclərin rolu və digər məsələlər üzrə panel iclasları keçirilib, müzakirələr aparılıb. Tədbir başa çatdıqdan sonra X Yüksək Səviyyəli Toplantının iştirakçılarından ibarət nümayəndə heyəti Gəncə şəhərində keçirilən "Nizami və dünya ədəbiyyatı" mövzusunda beynəlxalq elmi-praktik konfransa qatılıb. Nümayəndə heyətinin üzvləri Nizami Gəncəvinin Məqbərəsini ziyarət edib, Nizami Muzeyi ilə tanış olub, muzeyin xatirə kitabına ürək sözlərini yazıblar. Beynəlxalq elmi-praktik konfransdan öncə qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyub.

2016-cı il dekabrın 28-də Moskvada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) IV Qurultayı keçirilib. Qurultayda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycan Respublikasının Rusiyadakı Fğvqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, digər rəsmi şəxslər və Rusiyanın 78 bölgəsindən 200-dən artıq təmsilçi iştirak edib. Qurultayda Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin müraciətini iştirakçılarınını diqqətinə çatdırıb. Tədbirdə son beş ildə görülən işlərin hesabatı dinlənilib, dəyərləndirilib, daha sonra Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, Rusiyadakı soydaşlarımızın hüquq və azadlıqlarınını qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, növbəti beş il üçün fəaliyyət strategiyasının müəyyənləşdirilməsi ilə bağlı geniş müzakirələr aparılıb. Qurultayda keçirilən səsvermə nəticəsində tanınmış ictimai xadim, tibb elmləri namizədi, professor Fazil Qurbanov qurumun yeni prezidenti seçilib. Həmçinin, ÜAK-ın Rəyasət Heyəti və Mərkəzi Şurasına yeni üzvlər də seçilib. Sonda Ümumrusiya Azərbaycan Konqresi adından Azərbaycan və Rusiya prezidentlərinə müraciət qəbul olunub.

Qeyd edək ki, 2016-ci il ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prioritet təşkil etmiş və bu sahədə ümumilikdə 300-ə yaxın tədbir keçirilib. Xüsusilə də Azərbaycan diaspor təşkilatları tərəfindən Ermənistanın, erməni diaspor və lobbi qruplarının ölkəmizə anti-təbliğat kampaniyalarının qarşısının alınması məqsədilə bu istiqamətdə cari il ərzində müxtəlif formatlı tədbirlər təşkil olunub, xarici ölkələrin KİV-də ölkəmizlə bağlı mütəmadi olaraq məlumatlar yayımlanıb.

İl ərzində Azərbaycan xalqının zəngin mədəni irsinin, adət və ənənələrinin təbliği, həmçinin, dövlət əhəmiyyətli tarixi əlamətdar günlərin qeyd olunması istiqamətində də müxtəlif formatlı mədəni-kütləvi tədbirlər təşkil olunub. Ümumilikdə bu istiqamətdə xarici ölkələrdəki Azərbaycan icması tərəfindən 60-dan çox tədbir keçirilib. Dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımız "Novruz bayramı", 28 May Respublika Günü, 15 İyun Milli Qurtuluş Günü və digər bayramları geniş şəkildə qeyd edərək ölkəmizin tarixi, zəngin mədəni irsini təbliğ etməyə çalışıblar. Bununla yanaşı, soydaşlarımız Azərbaycanın görkəmli şəxsiyyətlərinin yad edilməsi məqsədilə tədbirlər, konsert proqramları təşkil etmiş, dünya festivallarında və sərgilərdə iştirak ediblər.

2016-ci ildə lobbi quruculuğu istiqmətində də müəyyən işlər görülüb, dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə həmçinin, müxtəlif ölkələrin parlamentlərində və hökumətlərində təmsil olunan siyasət adamları, ictimai xadimlər və KİV nümayəndələri ilə əlaqələrin qurulması, onların Azərbaycana səfərlərinin təşkili məqsədilə müxtəlif tədbirlər keçirilib. Bu istiqamətdə ən böyük tədbirlər sırasında yanvarın 27-də Roma şəhərində "Dinlərarası dialoq vasitəsilə radikallaşma və ekstremizmə cavab" mövzusuna həsr olunan IV Qlobal Bakı Forumuna Yüksək Səviyyəli Hazırlıq Görüşünü, fevralın 5-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniçin dəstəyi ilə "Dinlərarası Dialoq və Ekstremizmə Cavab" mövzusunda xüsusi toplantını və digər tədbirləri qeyd etmək olar. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu toplantılarda dünyanın bır sıra nüfuzlu liderləri iştirak edib.

Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması və cəmiyyətə inteqrasiyası sahəsində 2016-ci ildə 3 yeni diaspor təşkilatı yaradılıb və hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sayı 466-a çatıb. Varşava şəhərində Polşada Azərbaycanlı Gənclər Şurası, Tokioda Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyası kimi yeni təşkilatlar təsis edilib, Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) fəaliyyətini bərpa edib. İl ərzində soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması məqsədilə də müxtəlif formatlı tədbirlər keçirilib. Bu il ABŞ-dakı Azərbaycan diasporunun ən fəal nümayəndələrindən biri olan ABŞ Azərbaycanlıları Şəbəkəsinin (US Azeris Network) və "Qarabağ" Fondunun İdarə heyətinin rəhbəri və həmtəsisçisi, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Adil Bağırov Ohayo ştatının Dayton şəhərində Təhsil Şurasının rəhbəri seçilib. 30 mart tarixində Qazaxıstanda parlament və vilayət maslixatına növbədənkənar seçkilərdə 4 soydaşımız deputat mandatını əldə edib. Bu il həmçinin, Qazaxıstanda ilk dəfə olaraq ölkənin Parlament Məclisinə azərbaycanlı deputat Məhərrəm Məhərrəmov seçilib. Oktyabrın 8-də Gürcüstanda keçirilən parlament seçkilərində 4 nəfər azərbaycanlı deputat mandatı qazanıb. Noyabrın 26-da Moskvada Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Mərkəzi Şurasının iclası keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iştirak edib.

Dünya Azərbaycanlılarının IV qurultayının Qətnaməsində əksini tapmış, həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 2016-cı il 27 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "Dünya Azərbaycanlılarının IV qurultayından irəli gələn vəzifələrə dair Tədbirlər Planı"na uyğun olaraq diaspor və icmalar arasında təşkilatlanma işinin gücləndirilməsi, onların fəaliyyətinin koordinasiyası, yerli cəmiyyətə inteqrasiya, xarici ölkələrdə yaşayan azərbaycanlı iş adamlarının, gənclərin diaspor quruculuğu işinə cəlb olunması, erməni diasporunun ölkəmizə qarşı anti-təbliğat kampaniyalarının qarşısının effektiv şəkildə alınması, soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması və digər mühüm məsələlər Diasporla İş üzrə Dövlət Komitəsinin 2017-2020-ci illər üzrə fəaliyyətinin prioritetlərini təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə