"Bu, Sarkisyanın növbəti hiyləsidir" Millət vəkili

"Bu, Sarkisyanın növbəti hiyləsidir" Millət vəkili

"Bu gün Ermənistan torpaqlarımızın 20 faizini işğal altında saxlamaqda davam edir. Belə olan halda işğalçı tərəflə "qaynar xətt" yaratmaqdan söhbət gedə biməz". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov prezident Serj Sarkisyanın Bakı ilə İrəvan arasında qaynar xətt yaradılmasına dair təklifinə münasibət bilirərkən deyib. O əlavə edib ki, işğalçı ölkənin rəhbəri ilə hər hansı məsləhətləşmənin aparılması mümkün deyil: "Qaynar xəttin yaranması ilə bağlı açıqlamanı Sarkisyanın növbəti sərsəmləməsi hesab edirəm. Sadəcə bu, Sarkisyanın status-kvonun qorunub saxlanılması, torpaqlarımızın işğalının davam etməsi üçün əl atdığı növbəti bir hiylədir. Bizim mövqeyimiz dəyişməzdir. Bu mövqe də ondan ibarətdir ki, Azərbaycan torpaqları işğaldan tam azad olunmalı, Ermənistanın işğalçı qüvvələri torpaqlarımızı tərk etməlidir. Azərbaycanla Ermənistan arasında 1988-ci ilədək mövcud olan sərhəd bərpa edilməli, bir qarış torpağımız belə işğal altında qalmamalıdır. Bundan sonra prezidentlər, baş nazirlər, xarici işlər nazirləri, parlament sədrləri arasında qaynar xəttin yarana bilməsini zaman göstərəcək. Amma bizim ilkin şərtimiz və tələbimiz torpaqlarımızın azad edilməsindən ibarətdir".

Millət vəkili əlavə edib ki, əgər ermənilər ağıla gəlsələr, onlarla digər qonşularımız kimi əməkdaşlıq yarada bilərik: "Sarkisyanı himayə edənlər bilsinlər ki, nə qədər ki, işğalçı qoşunlar torpaqlarımızdadır, heç vaxt dayanaqlı atəşkəsdən, müharibənin bitməsindən, qarşılıqlı etimaddan söhbət gedə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə