“İsgəndər“ raketlərinin satışı ilə bağlı beynəlxalq reyesterlərə məlumat daxil olmayıb” Politoloq
"Azərbaycanla Ermənistan arasında əlaqə 90-cı illərin ortasında və axırında olub. O zaman Dağlıq Qarabağ münaqişəsi üzrə intensiv danışıqlar gedirdi, ATƏT-in Minsk qrupu tərəfindən konkret layihələr təqdim olunurdu və onlar müzakirə edilirdi". Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov prezident Serj Sarkisyanın Azərbaycanla Ermənistan arasında "qaynar xətt"in yaradılması təklifinə münasibət bildirərkən deyib. O əlavə edib ki, konstruktiv müzakirələr fonunda cəbhə xəttində sabitliyi saxlamaq tərəflərin hər ikisi üçün vacib idi. İndi isə Ermənistan tərəfi danışıqların mahiyyətini bir tərəfə qoyub, cəbhə xəttində vəziyyətin dondurulmasını təklif edir: "Niyə dondurmalıyıq?! Sən danışıqların mahiyyətindən qaçırsan, işğal edilmiş torpaqlardan qoşunlarının geri çəkilməsinin müzakirə edilməsini atırsan bir kənara, cəbhədə vəziyyəti etibarlı şəkildə dondurmağı təklif edirsən. Onlar bunu görməyəcəklər".
Politoloq hesab edir ki, normal danışıqlar olduğu halda cəbhə xəttində vəziyyəti sabit saxlamaq tərəflərin imkanı daxilindədir: "Lakin ermənilərin istədiyi kimi cəbhədə vəziyyətin əbədi olaraq dondurulub saxlanılması baş verməyəcək".
R.Musabəyov "İsgəndər" raketləri ilə bağlı Sarkiyanın açıqlamasına da münasibət bildirib. Politoloq bu raket kompleksi ilə bağlı məsələnin bir qədər qaranlıq olduğunu deyib: "Böyük ehtimalla düşünürəm ki, "İsgəndər" raketlərini Rusiya Türkiyə ilə vəziyyət gərginləşəndə gətirib. İndi isə Türkiyə ilə vəziyyət normallaşanda anladı ki, Ankara onların yığışdırılması tələbini irəli sürəcək, bunu etməmək üçün həmin silahları formal olaraq ermənilərə verib. Məqamı gələndə isə bəyan edəcəklər ki, artıq həmin silahlar ermənilərindir və heç kim onları öz ərazisində saxlamağı İrəvana qadağan edə bilməz. Raket texnologiyalarının yayılmaması ilə bağlı beynəlxalq müqavilələrə görə 300 km-dən uzaq uçan raketlər qadağan edilir. "İsgəndər"in modifikasiyası M-dir. Yəni bilavasitə rusların istifadə etiyi və uçuş məsafəsi 500 km olan raketlər. Rusiya bunu erməniyə verə bilməz. Bu, o deməkdir ki, həmin raketlər Rusiyanındır və onu Türkiyənin narazılığını aradan qaldırmaq, ermənilərə dəstək vermək İrəvana verib. Amma bu raketlərin satışı ilə bağlı beynəlxalq reysterlərə məlumat gedib çıxmayıb. Onların pulunun ödənilməsi və s. ilə bağlı bir cavab yoxdur. Oyun gedir və təəssüf olsun ki, Rusiya da bu oyuna qoşulub. Belə addımlarla isə Ermənistan tərəfi daha da azğınlaşır. Hər bir halda düşünürəm ki, biz Rusiya ilə bu barədə lazımi söhbərlər aparacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB