Pan Gi Mun: "Aparılan müzakirələr davamlı inkişafa böyük töhfə verməlidir"

Pan Gi Mun: "Aparılan müzakirələr davamlı inkişafa böyük töhfə verməlidir"

V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində BMT baş katibi Pan Gi Munun tədbir iştirakçılarına müraciəti oxunub. SİA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin Forumun işində birbaşa iştirakını yüksək qiymətləndirən baş katib müraciətində dünyada qaçqın problemini xüsusi qeyd edərək bildirib ki, aparılan müzakirələr davamlı inkişafa böyük töhfə verməlidir.

"Biz davamlı inkişafa, fövqəladə hallara böyük diqqət yetirməliyik. Dünyada 130 milyon insanın humanitar dəstəyə ehtiyac var. Biz müsbət dəyişikliklər naminə birgə çalışa bilərik" - deyə, müraciətdə qeyd olunur.

Daha sonra forumda UNESCO baş direktorunun müavini Qetaçyu Enqida çıxış edib. O bildirib ki, 2030-cu ilədək davamlı inkişaf gündəliyi yetərli sayıla bilməz: "Zorakı ekstremizmin qarşısını almaq üçün təhsil sahəsində işləmək vəzifə borcumuzdur. UNESCO-nun silahlı münaqişələr zamanı mədəniyyətin qorunması strategiyası məqsədəuyğundur. Bununla bağlı strategiyamızda bildirilib ki, mədəniyyətin qorunması sülh yaratma proseslərinə daxil edilməlidir. Dini, mədəni, sosial dözümsüzlüyə qarşı çıxaraq bu məqsədə nail olmağa çalışırıq. Qaçqın və məcburi köçkünlərin davamlı inkişafa təhdid yox, dəstək kimi qəbul olunmasına çalışırıq. Bu, Mədəniyyətlərarası Forumun ruhuna uyğundur. Bu gələn il keçiriləcək Mədəniyyətlərarası Forum üçün geniş imkanlar açacaq".

Q. Enqida deyib ki, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlıq vacibdir: "Bu, sülh naminə uzunmüddətli proqramın həyata keçirilməsinə, insan hüquqlarının qorunmasına dəstəyi artırır. Davamlı inkişafsız sülh, sülhsüz davamlı inkişaf yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə