Aşağı Qaramanlı seçicilərindən referenduma dəstək FOTOLAR

Aşağı Qaramanlı seçicilərindən referenduma dəstək FOTOLAR

Bu gün "Yeni Azərbaycan" təşviqat qrupu Neftçala rayonunun Aşağı Qaramanlı kəndində seçicilərlə görüş keçirib. Tədbirdə rayon seçiciləri, partiya veteranları, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri açıq elan edən Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatının sədri Anar Cəfərov bildirib ki, Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər ölkəmizin ictimai siyasi həyatında çox mühüm əhəmiyyət kəsb edir: "Azərbaycan dövləti sürətlə inkişaf edir. Belə ki, son 12 ildə Azərbaycan iqtisadiyyatı dəfələrlə böyüyüb. Buna paralel olaraq, uğurlu sosial siyasət nəticəsində insanların da həyat şəraiti yüksəlib, yeni sosial şərait meydana çıxıb. Azərbaycanın beynəlxalq əlaqələri də kifayət qədər genişlənib, beynəlxalq təşkilatlarda təmsilçiliyi yüksəlib, ölkəmiz bir çox yeni beynəlxalq konvensiyalara qoşulub, beynəlxalq əməkdaşlıqla bağlı mühüm qərarlar qəbul olunub. Eyni zamanda, ölkə qanunvericiliyi də təkmilləşdirilir, yeni mütərəqqi qanunlar qəbul olunur".

Milli Məclisin deputatı Arif Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyub, ölkədə post-sənaye, bilik cəmiyyəti və biliklərə əsaslanan iqtisadiyyat formalaşır: "Bir sözlə, Azərbaycanda yeni müasir cəmiyyət tipi formalaşır. Böyük fərəh hissi ilə qeyd edə bilərik ki, ölkəmiz ötən 7 il ərzində bəlkə də 15 ilə sığmayacaq uğurlar, nailiyyətlər əldə edib. Ölkəmiz inkişaf etdikdə qanunda müvafiq dəyişikliklərin edilməsinə zərurət yaranır. Hazırda ümumxalq müzakirəsinə təqdim olunan referendum aktının 29 maddəsinə edilən 39 düzəliş cəmiyyətdə ciddi müzakirələrə səbəb olacaq. Çünki, burada nəzərdə tutulan hər bir məqam məhz dövlətçiliyimizin və dövlətimizin daha da inkişafına istiqamətlənib".

Çıxışının sonunda A.Rəhimzadə hər kəsi referendumda fəal iştirak etməyə çağıraraq, bu işdə hamıya uğurlar arzu edib.

Görüşdə çıxış edən seçicilər Referendumda ediləcək dəyişiklik və əlavələrlə tanış olduqlarını və bu dəyişiklikləri dəstəklədiklərini bildirərək, seçki prosesində aktiv iştirak edəcəklərini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə