Referendum Aktına "HƏ" dedilər FOTOLAR

Referendum Aktına "HƏ" dedilər FOTOLAR

Bu gün Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Nəsimi rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində 22 saylı Nəsimi ikinci seçki dairəsinin ərazisində yaşayan seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, 500 nəfər seçicinin iştirak etdiyi görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müasir dövrdə hüquqi dövlətin inkişafının konstitusion islahat modeli uğurla həyata keçirilərək səmərəli islahatların nəticəsi kimi müasir hüquqi dövlətin hərtərəfli inkişafının və dövlət hakimiyyətinin xalqa mənsubluğunun Azərbaycan modeli formalaşıb.

"Beynəlxalq təcrübəyə əsasən demək olar ki, dövrün tələblərinə uyğun şəkildə dünyanın ən güclü dövlətlərində artıq çoxdan mövcud olan 1-ci vitse-prezident və vitse-prezident institutunun təsis edilməsi təklifi dövlətimizin və dövlətçiliyimizin daha da güclənməsinə və təkmilləşdirilməsinə xidmət edir. Bu gün dünyada cərəyan edən qlobal təhlükələrdən qorunmaq üçün bu dəyişikliklər çox önəmlidir. Təklif olunan dəyişiklərdə nəzərdə tutulan bu vəzifələrin təsis edilməsi Azərbaycanın siyasi sistemində və idarəçilik praktikasında çox önəmli və çox əhəmiyyətli təsirini göstərəcək. Prezident İlham Əliyevin müəllifi olduğu Azərbaycan dövlətinin müasir inkişaf modelinin əsaslarını özündə ehtiva edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və digər müvafiq hüquqi aktlar tarixi, sosial, siyasi, hüquqi və milli-mənəvi dəyərlər baxımından böyük əhəmiyyət kəsb edərək, Azərbaycan dövlətinin uzunmüddətli inkişaf konsepsiyasının təməl prinsiplərini, hüquqi dövlətin inkişaf istiqamətlərini müəyyənləşdirir", - deyə millət vəkili bildirib.

Görüşdə çıxış üçün söz alan YAP Nəsimi rayon təşkilatının Şura üzvü, millət vəkili Şahin İsmayılov bildirib ki, bu gün Azərbaycan yüksək inkişaf dinamikasına malik güclü dövlətdir: "Həyata keçirilən hərtərəfli düşünülmüş, məqsədyönlü siyasət sayəsində Azərbaycan iqtisadiyyatı dünyada gedən proseslərdən asılı olmayaraq müstəqil şəkildə inkişaf edir. İqtisadiyyatda əldə olunan nailiyyətlər isə təbii olaraq əhalinin gəlirlərinin artması, sosial, mədəni, idman və digər sferalarda yüksək tərəqqi formasında özünü büruzə verir. Ümummilli Liderin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında respublikamız sosial-iqtisadi inkişafın bütün göstəriciləri üzrə irəliləyişə nail olub. Azərbaycanda həyata keçirilən daxili siyasət, ilk növbədə, əhalinin rifah halının yüksəldilməsinə, sosial təminatının yaxşılaşdırılmasına yönəldilib. Demək olar ki, bütün sahələrdə həyata keçirilən islahatların əsasında ölkənin vətəndaşlarının rahat və firavan yaşayışının təmin olunması məqsədi dayanır. Ümumiyyətlə, Azərbaycanda görülən işlərə nəzər saldıqda respublikada sosialyönümlü siyasətin həyata keçirilməsinin, dövlətin siyasətinin əsasında insan amilinin dayanmasının bir daha şahidi oluruq. Azərbaycanın uğurlu inkişafı ölkəmizdə insanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərlə müşayiət olunur. Məlum olduğu kimi, Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Hazırkı Konstitusiya islahatlarında ölkəmizdə insan hüquqlarının konstitusion əsasları daha da möhkəmləndirilir".

Tədbirdə iştirak edən 22 saylı Nəsimi ikinci seçki dairəsinin ərazisində yaşayan seçicilər çıxış edərək daim ölkə Prezidentinin siyasətini dəstəklədiklərini bildirərək, 26 sentyabrda ümumxalq səsverməsində iştirak edərək Referendum Aktı lahiyəsini yekdilliklə dəstəkləyəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə