Bu gün Qaradağ Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, Müşfiqabad qəsəbəsindəki Mədəniyyət Evində baş tutan tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, millət vəkilləri Musa Quliyev, Elman Nəsirli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev, gənc şairlər, qiraətçilər və digər nümayəndələr iştirak ediblər.
Tədbirdə ilk çıxış edən millət vəkili Musa Quliyev Azərbaycan xalqını ordu günü münasibətilə təbrik etməklə yanaşı sərhəd keşiyində duran mərd əsgərləri salamlayıb. O bildirib ki, Vətən sərhəddən, sərhəd səngərdən, səngər isə əsgərdən başlayır: "Dünyada 6 min xalq olsa da onlardan yalnız 200-nün dövlət var. Dövlətin də əsas atributlarından biri onun güclü ordusunun olmasıdır. Yalnız güclü dövlətin güclü ordusu olur. Azərbaycanda ilk ordu 1918-ci ildə şərqdə ilk demokratik ölkə olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılıb. Daha sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı işlər Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirildi. 1971-ci ilin iyunun 20-də Cənubi Qafqazda ilk dəfə Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradıldı. O zaman SSRİ rəhbərliyi və digər qüvvələr bu işə mane olmağa çalışırdılar. Onlar hərbi məktəbi İrəvanda yaratmaq istəyirdilər. Lakin Ulu Öndər buna imkan vermədi. Bu gün həmin hərbi məktəbin zabitləri milli ordumuzun əsasını təşkil edir. Bütün bunlar Ümumilli Liderin uzaqgörənliyi nəticəsində əldə olunub. Azərbaycan 1991-ci ildə sənəd üzərində müstəqil olsa da ölkədə vəziyyət ürək açan deyildi. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərin fəaliyyəti sayəsində ordumuz da inkişaf getməyə başladı".
M.Quliyev söyləyib ki, hazırda ordumuz günü-gündən qüvvətlənir. Bu da Azərbaycan Prezidenti İlham Əliyevin məsələyə qətiyyətli yanaşması nəticəsində mümkün olub: "Dövlət büdcəsindən ordunun gücləndirilməsinə kifayət qədər vəsait sərf edilir. Biz ordumuzun gücünü cari ilin aprelin əvvəllərində cəbhədə baş verən döyüşlərdə gördük. Bu gücü tək biz deyil, bütün dünya gördü və müdafiə etməyə başladı. Azərbaycan prezidenti sülhün tərəfdarıdır və münaqişənin sülh yolu ilə həllinə çalışır. Artıq ermənilər ordumuzun gücünü gördükdən sonra bizim təkliflərimizlə razılaşıblar. Düşmən ölkə çox yaxşı bilir ki, münaqişə danışıqlar yolu ilə həll edilməsə, o zaman güclü ordumuz öz sözünü deyəcək".
YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə çıxış edərək bildirib ki, Azərbaycan ordusunun bugünkü gücü Ulu Öndərin əsasını qoyduğu siyasətin ana xəttini təşkil edir. Azərbaycan Silahlı Qüvvələri Günü ilə bağlı ölkənin müxtəlif yerlərində tədbirlərin və diskussiyaların keçirildiyini deyən A.Hüseynov söyləyib ki, bugünkü tədbir onlardan biridir: "Bugünkü tədbirimizi digərlərindən fərqləndirən cəhət burada nümayiş etdiriləcək kompozisiyaların millət vəkili, tarixçi, şair Musa Quliyevin (Musa Urud) vətənpərvərlik mövzusunda yazdığı şeirlərindən ibarət olacaq".
Tədbirdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu söyləyib ki, hər bir xalq öz milli-mənəvi dəyərləri ilə tanınır, təqdim edilir: "Hər bir xalq öz tarixi yaddaşı qədər mövcuddur. Biz bu tarixi yaddaşımızı ən bariz şəkildə Ali Baş Komandanın tarixi yaddaşında görürük. Çünki, Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən hər zaman qeyd edir ki, biz torpaqlarımızı azad edəcəyik. Tarixi yaddaş elə budur".
Millət vəkili Musa Urudun yaradıcılığı haqqında da fikirlərini bildirib. O qeyd edib ki, Musa Urud xalq şairi Məmməd Araz sözünün fəlsəfəsinin davamçısıdır.
Daha sonra çıxış edənlər şair və qiraətçilər Musa Urudun yaradıcılığına toxunaraq onun yazdığı şeirləri səsləndiriblər.
Tədbirdə Musa Urudun vətənpərvərlik şeirlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirin sonunda çıxış edən millət vəkili Musa Quliyev tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB