Tərtərdə hərbi sursat aşkar edilib

Tərtərdə hərbi sursat aşkar edilib

İyunun 12-də iki ev və həyətyanı sahə, bir əkin sahəsi, üç otlaq sahəsi, 19 partlayış yerinə baxış keçirilib. Bir ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb. Gün ərzində 29 390 kvadratmetr ərazi təmizlənib.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) iyunun 12-də Tərtər, Füzuli və Mingəçevir rayonlarında aşkarlanmış partlamamış hərbi sursatlar barədə yaydığı hesabatında bildirilir.

ANAMA-nın mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Tərtər rayonunun Cəmilli kəndində bir əkin və bir otlaq sahəsində beş partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 9 000 kvadratmetr ərazi yoxlanılıb.

Şıxarx kəndində bir ev və həyətyanı sahə, bir əkin sahəsində doqquz partlayış yerinə baxış keçirilmiş, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 15 000 kvadratmetr ərazi yoxlanılıb.

Füzuli rayonunun Horadiz şəhərində iki otlaq sahəsində iki partlayış yerinə baxış keçirilib, 4 ədəd BM-21 raketi partlamış vəziyyətdə aşkar edilib, nəticə etibarı ilə 1 880 kvadratmetr ərazi yoxlanılıb.

Qazaxlar kəndində bir ev və həyətyanı sahədə bir partlayış yerinə baxış keçirilib, 1 ədəd tank əleyhinə raketin ( PQ-9 ) partlamış qalıqları aşkar edilib, nəticə etibarı ilə 510 kvadratmetr ərazi yoxlanılıb.

Mingəçevir Rayon Polis İdarəsinin və FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına əsasən Mingəçevir şəhərində 502 Saylı Məcburi köçkün yataqxanasının həyətindəki naməlum obyektə baxış keçirilib. Məlum olub ki, həmin obyekt əleyhqaz qurğusunun filter hissəsidir. Obyekt ərazidən götürülüb, nəticə etibarı ilə 3 000 kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən aprelin 7-dən iyunun 12-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 595 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 522 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə