Dövlət başçısı: "Beynəlxalq Neft və Qaz Sərgisi Azərbaycanın inkişafında mühüm rol oynayır"

Dövlət başçısı: "Beynəlxalq Neft və Qaz Sərgisi Azərbaycanın inkişafında mühüm rol oynayır"

"Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu sərginin təşkilində rolu olan bütün qurumlara, təşkilatlara minnətdarlığımı bildirirəm". SİA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev bu gün 23-cü Beynəlxalq Neft və Qaz Sərgisinin açılışında çıxışı zamanı söyləyib. Ölkə başçısı bildirib ki, Beynəlxalq Neft və Qaz Sərgisi Azərbaycanın inkişafında mühüm rol oynayır: "Azərbaycan gənc müstəqil dövlət idi və müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. Vətəndaş müharibəsi, daxili qarşıdurmalar, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, iqtisadi tənəzzül, bütün bunlar hamımızın yadındadır. 1994-cü ildə sərginin birinci tədbiri, əlbəttə, dünyanın neft-qaz şirkətlərinin Azərbaycan iqtisadiyyatına diqqətini artırmışdı. İnvestisiya üçün ən əlverişli yer neft və qaz sektoru idi. Bu şəraitdə belə sərginin keçirilməsi çox önəmli idi".

Azərbaycanın neft və qaz sektorunun inkişafından danışan Prezident İlham Əliyev bildirib ki, Bp və SOCAR 22 ildir ki, etibarlı tərəfdaş kimi çalışır: "Bu illər ərzində SOCAR da beynəlxalq enerji şirkətinə çevrilib, çünki Azərbaycanda böyük layihələr həyata keçirilib. İndi SOCAR xarici ölkələrə milyardlarla dollar investisiya qoyur. Xaricə qoyulan investisiya o ölkələrlə bütün sahələrdə əlaqələrə təsir göstərir". Dövlət başçısı qeyd edib ki, Azərbaycan müstəqilliyi dövründə şərəfli yol keçib: "İndiyə qədər planlaşdırılmış və yerinə yetirilməmiş bir layihə də qalmayıb. Onu da deyim ki, regionda sabitlik olmadan bu layihələri icr etmək mümkün deyildi. İnvestorlar bizə inandılar və milyardlarla dollar investisiya qoydular. Biz də bu sahəyə qoyulan vəsait hesabına qeyri-neft sektorunu inkşaf etdirdik. Bu gün neft sektorunun çəkisi 30 faizdir, əsas gəlirlər qeyri-neft sektoru hesabına formalaşır. Əsas məqsədimiz neftdən asılılığmızı azaltmaqdan ibarətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə