Nazir müavini: "Münaqişənin həllində siyasi yola üstünlük verəcəyik"
"Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün bütün hüquqlara malikdir". SİA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisdə keçirilən "Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri" adlı dinləmələrdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın xarici siyasəti sülhsevərdir: "Azərbaycan diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq hüquq normalarının imkanlarından yararlanır. Bu istiqamətdə uğurlar da əldə olunur. Beynəlxalq birlik bunun diplomatik-siyasi yolla mümkün olduğunu görür. Bunun alternativi olmadığını dəfələrlə vurğulayırlar. Biz də münaqişənin sülh yolu ilə həllini istəyirik. Amma, uzun müddət davam edən acı təcrübə göstərir ki, bu istiqamətdə səyləri artırmalıyıq. Beynəlxalq birliyi bu məsələdə daha konkret addımlar atmağa vadar etməliyik".
Nazir müavini söyləyib ki, Ermənistanın sülhə vadar edilməsi üçün beynəlxalq birliyin təsirləri mütləq lazımdır: "Bu olmasa, münaqişənin sülh yolu ilə həlli yoxdur. Bunu dünya birliyində dərk etməyə başlayıblar. Ona görə də biz münaqişənin həllində siyasi yola üstünlük verəcəyik. Amma nə müharibə, nə sülh, daima atəşkəs rejiminin sistematik pozulması şəraitində yaşamaq Azərbaycan xalqının aqibəti deyil. Azərbaycan xalqı sabit və firavan yaşamaq hüquna malikdir. Biz bunu tələb edirik və nail olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB