Vaqif Dərgahlı: "Ermənistan münaqişəyə başqa dövlətləri cəlb etmək istəyirdi"
"Aprelin əvvələrində olan hadisələrdən qabaq cəbhə bölgəsində gərginlik durmadan artırdı". SİA-nın xəbərinə görə, bu fikirləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Milli Məclisdə "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri" mövzusunda keçirilən dinləmələrdə çıxışı zamanı deyib.
O bildirib ki, 2014-cü ilin oktyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən dərhal sonra Ermənistan işğal olunmuş ərazilərdə xüsusilə də Ağdamda hərbi təlimlər keçirirdi: "Ermənistan tərəfinin və bizim də əldə etdiyimiz məlumatlara görə, həmin təlimlərdə 46 min şəxsi heyət, eləcə də 5 mindən artıq texnika cəlb edilmişdi. 2014-cü ilin noyabr ayında cəbhə bölgəsində ordumuz tərəfindən düşmən ölkəyə məxsus helikopter vurulmuşdu. Həmin qurğu işğal olunmuş ərazilərdə hərbi təlimlərə cəlb edilmiş helikopter idi. Ermənistan tərəfi bilərəkdən gərginlik yaradaraq, təmas xəttində təxribatlarını davam etdirdi. Bilirsiniz ki, Ermənistan işğal olunmuş ərazilərdən başqa, dövlət sərhədlərindən mütəmadi olaraq mövqelərimizi, mülki əhalini atəşə tutur. Ermənistan bu addımı ilə digər dövlətləri münaqişəyə cəlb etməyə çalışır. Eyni zamanda 2015-ci ilin əvvələrindən etibarən Ermənistanda əsaslı dəyişikliklərin edilməsi prosesi başlandı. 2015-ci ilin payızından etibarən fəallaşan erməni tərəfi qoşunların təmas xətti boyunca yerləşən mövqelərimizi, cəbhə yaxınlığındakı yaşayış məntəqələrini intensiv atəşə tutub. Ermənistan tərəfi cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə təxribat xarakterli addımlar atmağa cəhd göstərib. 2016-cı ilin mart ayından başlayaraq Ermənistanın Silahlı Qüvvələri təxribatları artıraraq, sərhədyanı yaşayış məntəqələrinin təmas xəttinin bilavasitə yaxınlığında yerləşən kəndlərin dinc əhalisinin atəşə tutulmasını daha da gücləndirdi. Erməni tərəfi vəziyyəti gərginləşdirmək üçün əvvəllər istifadə etmədiyi, digər- qumbaraatan, minaatan, eləcə də artilleriya qurğularından istifadə edərək həm döyüş mövqelərimizi, həm də yaxınlıqdakı yaşayış məntəqələrini atəşə tutmağa başladı. Ordumuz tərəfindən görülən adekvat tədbirlər nəticəsində düşmənə layiqli cavab verildi".
V. Dərgahlı söyləyib ki, hərbi cəhətdən iflasa uğrayan Ermənistanın kriminal rejimi növbəti dəfə aprelin əvvələrində təxribat törətməyə cəhd etdi: "Hər kəsə məlumdur ki, aprelin əvvələrində bütün cəbhəboyu mövqelərimiz müxtəlif silahlardan intensiv atəşə tutulub. Eyni zamanda qoşunların təmas xəttinə yaxın bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qaldı. Hərbi aktivliyin qarşısının alınması istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən müvafiq, adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edildi. Bu qərara uyğun olaraq silahlı qüvvələrimiz erməni mövqelərinə atəş zərbələri endirdi. O dövrdə iki ən gərgin Ağdərə-Tərtər-Ağdam, Şimal və Cənub istiqamətləri mövcud idi. Bu istiqamətdə yerləşən silahlı bölmələrimizin əlaqəli fəaliyyəti nəticəsində tez bir zamanda düşmən ordusuna qarşı cavab tədbirləri görüldü. Onun döyüş texnikası, canlı qüvvəsi sıradan çıxarıldı. Aprelin əvvəlində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrində hərəkətə gətirmək istədiyi bölmələri ordumuz tərəfindən məhv edildi. Düşmən tərəfində vurulan zərbələr nəticəsində Goranbay rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi, eləcə də Cənubda Horadiz şəhəri və Arazçayı boyunca Cəbrayılın bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələ Təpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Silahlı qüvvələrimiz tərəfindən 1 ay müddətində həmin istiqamətlər üzrə çox uğurlu işlər görülüb, qurğular qurulub, orada yerləşən silahlı bölmələrimizin tam təhlükəsizliyi təmin edilib".
"Aprelin əvvələrində erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məlumatlara görə, 320 -dən artıq düşmən məhv edilib, 300-dən artıq erməni hərbi qulluqçusu yaralanıb. Onların 30-a yaxın tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarılıb. Madagiz yaşayış məntəqəsində yerləşən qərərgahı və əsas hərbi hissələri məhv edilib. Erməni tərəfi Azərbaycan ordusu tərəfindən geri alınan mövqelərin yenidən işğal edilməsi məqsədilə cəhdlər etsə də, ordumuz tərəfindən layiqli cavab verilərək düşmən geri çəkilməyə məcbur edilib. Hərbi əməliyyatlara Ermənistanın bütün döyüş qüvvəsi və hərbçiləri cəlb olunsa da, Azərbaycan tərəfindən yalnız silahlı qüvvələrimizin müdafiə xəttində yerləşən bölmələrinin bir qismi cəlb edilib. Döyüşlərə Naxçıvanda, Şəmkirdə olan hərbi qüvvələrimiz, hərbi hava, eləcə də ehtiyat qüvvələrimiz cəlb edilmədi. Burada əsas məsələ ordumuzun döyüş əhval-ruhiyyəsinin yüksək olması idi"- deyə, Müdafiə Nazirliyinin mətbuat xidməti əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB