Abel Məhərrəmovun YAP GB-nin üzvləri ilə görüşü keçirilib

Abel Məhərrəmovun YAP GB-nin üzvləri ilə görüşü keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun YAP Gənclər Birliyinin üzvləri ilə görüşü keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və fəal gənclər iştirak edib.

Əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mərasimi giriş nitqi ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Ulu Öndər Heydər Əliyevin zəngin həyat və dövlətçilik təcrübəsindən danışıb.

Rektor Abel Məhərrəmov isə qeyd edib ki, Ulu Öndər Heydər Əliyev birinci və ikinci hakimiyyəti dövründə həm ölkədə islahatlar aparıb, həm də tələbələri xaricdə təhsil almağa göndərməklə Azərbaycanda intellektual səviyyəni, elmi potensialı xeyli gücləndirib.

A.Məhərrəmov əlavə edib ki, bugünkü təhsildə aparılan islahatlar Ümummilli Liderin vaxtilə əsasını qoyduğu islahatlar müstəvisi ilə sıx əlaqədardır.

BDU rektoru vurğulayıb ki, müstəqillik illərində Ulu Öndər təhsil sistemində baş verən boşluqları, deformasiyaları aradan qaldırmaq üçün böyük qüvvə sərf edib: "O zaman ölkənin ciddi problemlər içində olmasına baxmayaraq, Ulu Öndər Heydər Əliyev özünəməxsus müdrikliklə elmin və təhsilin qarşısında dayanan problemlər haqqında fikirlərini söyləyib, çıxış yollarını göstərib. Ona görə də uğurlarımız çox böyükdür. Bu günlər biz hamımız Ümummilli Liderin 93-cü doğum gününü qeyd edirik və hamımız fəxarət hissi ilə qeyd edirik ki, doğrudan da Ulu Öndərin əsasını qoyduğu bu islahatlar, xüsusən, elmdə və təhsildə bu gün öz bəhrəsini verir".

YAP Gənclər Birliyinin sədri, hakim Partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov da diqqətə çatdırıb ki, Azərbaycanda elə bir sahə təsəvvür etmək mümkün deyil ki, orada Ulu Öndərin imzası, yaxud onun təməlində Heydər Əliyevin xidmətləri olmasın. Ulu Öndərin Azərbaycan gəncliyinin inkişafında misilsiz xidmətləri olub. Müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyində milli ideologiya yox idi.

Onun sözlərinə görə, gənclərimiz ayrı-ayrı siyasi qrupların nəzarətində idilər, onların milli-psixoloji durumu çox aşağı səviyyədə idi. Məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan gəncinin qüruru özünə qaytarıldı: "Ulu öndər Heydər Əliyev həmişə gənclərə böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə Ümummilli lider Heydər Əliyevdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, Ulu öndər Heydər Əliyevin gənclərlə bağlı siyasətini də uğurla davam etdirir".

Sonda tədbirə diskussiya şəklində yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə