Mehriban Əliyeva: "Ermənistanın bizə vurduğu zərəri təsəvvür etmək çətindir"

"Bu sessiyanın mövzusu bütün ölkələr üçün maraqlıdır. Aydındır ki, müxtəlif ölkələrdə insanların sosial adaptasiyası fərqli yanaşmadan ibarətdir. Azərbaycan BMT-nin ən gənc üzvlərindən biridir. 1992-ci ilin martın 2-də BMT-nin tam hüquqlu üzvünə çevrildi. Azərbaycan olduqca açıq dövlətdir. Biz ictimai həyatın bütün sahələrində effektiv işlər reallaşdırmışıq. SİA-nın məlumatına görə, bunu bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Bakıda keçirilən BMT-nin 7-ci qlobal forumunda çıxışı zamanı deyib.

Mehriban Əliyevanın sözlərinə görə, Azərbaycan BMT-yə üzv olduğu zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq 5 ildir ki, davam edirdi: "Ermənistanın bizə vurduğu zərbəni təsəvvür etmək çətindir. BMT Ermənistanın Azərbaycan ərazilərindən çıxarılmasına dair 4 qətnamə qəbul edib. 1993-cü ilin çətin anlarında müasir dövlətin əsasları formalaşdırıldı. Biz bütün çadır düşərgələrini ləğv etdik, qaçqın və məcburi köçkünlər üçün yaşayış məntəqələrini yaratdıq. Nə qədər ideal şərait yaradılsa da, heç nə doğma evi əvəz edə bilməz. Biz öz səylərimizi birləşdirməliyik. Beləcə, dünyada yeni münaqişə episentri yaranmasın".

Heydər Əliyev Fondunun Prezidenti həmçinin qonaqlara Fondun həyata keçirdiyi layihələr haqqında da ətraflı məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə