Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin başçılığı ilə partiyanın nümayəndə heyəti 2016-cı il, 29 mart - 6 aprel tarixləri arasında Çin Kommunist Partiyasının dəvəti ilə Çin Xalq Respublikasında səfərdə olub. SİA-nın məlumatına görə, səfər zamanı keçirilən görüşlərdə iki ölkənin münasibətlərinə, habelə hakim partiyalar arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları – YAP Siyasi Şurasının üzvü Musa Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Naqif Həmzəyev, Şahin İsmayılov, habelə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Gənclər Birliyinin sədr müavini Əli Pənahov və birliyin üzvü Elmar Məmmədov daxil idilər. Aprelin 6-dək davam edən səfər çərçivəsində nümayəndə heyəti paytaxt Pekində, Çendu və Şanxay şəhərlərində mərkəzi və yerli icra struktur rəhbərləri ilə bir sıra görüşlər keçirərək müxtəlif sənaye və kənd təsərrüfatı obyektlərində olublar.
İlk görüş paytaxt Pekin şəhərində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Avrasiya Departamentinin direktor müavini Van Minlə olub.
Görüşdə Azərbaycan ilə Çin, eləcə də YAP ilə Çin Kommunist Partiyası arasında qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və gələcək inkişaf perspektivləri müzakirə olunub. Partiyalar arasında əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə edilib. YAP nümayəndə heyətinin rəhbəri Arif Rəhimzadə qeyd edib ki, hazırda Çin-Azərbaycan əlaqələri ən yüksək səviyyədə inkişaf etməkdədir və ölkələrimiz arasındakı qarşılıqlı siyasi anlaşma getdikcə daha da dərinləşir.
Arif Rəhimzadə xüsusilə vurğulayıb ki, Çin-Azərbaycan münasibətlərinin təməli partiyamızın qurucusu, Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə bu ölkəyə səfəri ilə qoyulub. Bu tarixi səfərdən ötən müddət ərzində ölkələrimiz, eyni zamanda, YAP ilə Çin Kommunist Partiyası arasında münasibətlərin inkişafında müsbət tendensiya müşahidə olunub. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Avrasiya Departamentinin müavini Van Min hələ 1999-cu ildə YAP-ın ilk qurultayında iştirak etmək üçün ölkəmizə səfər etdiyini xatırladaraq, o vaxtdan bəri həm ölkəmizin dinamik inkişafını, həm də YAP-ın Azərbaycanın ictimai-siyasi həyatında mövqeyinin və rolunun artmasını yüksək qiymətləndirib.
Onun sözlərinə görə, iki partiya arasında əməkdaşlığın inkişaf etdirilməsi, eyni zamanda, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə öz töhfəsini verir. Van Min ümid etdiyini bildirib ki, bu cür qarşılıqlı səfərlər davam edəcək və partiyalar arasında əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaq. Görüşün sonunda aparılan müzakirələrdən məmnunluq ifadə olundu və bu tipli səfərlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanıb.
Bundan sonra nümayəndə heyəti Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Beynəlxalq Əlaqələr Departamentinin direktoru Sun Tao ilə görüşüb. Nümayəndə heyətinin rəhbəri Arif Rəhimzadə iki hakim partiya arasında olan münasibətlərin iki dövlət arasında olan münasibətlərə də müsbət təsir etdiyini bildirərək Çin və Azərbaycanın beynəlxalq aləmdə həmişə bir-birini dəstəklədiyini bildirdi. Arif Rəhimzadə xüsusi olaraq qeyd edib ki, Azərbaycan həmişə Çinin ərazi bütövlüyünü dəstəkləyir, Tayvan, Tibet kimi məsələlərdə hər zaman Çin Xalq Respublikasının rəsmi siyasətinin tərəfində olub. Etnik separatçılıqdan Azərbaycanın da zərər çəkdiyini bildirən Arif Rəhimzadə ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsində ÇXR-in rəsmi mövqeyini də yüksək qiymətləndirib. Xüsusilə, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi ÇXR-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin qəbul etdiyi 4 qətnaməyə səs verdiyinə görə ÇXR-ə təşəkkürünü bildirib.
Bütün bu siyasi əlaqələrin davamı olaraq, iki ölkə arasında iqtisadi münasibətlərin də artan dinamika ilə inkişaf etdiyini vurğulayan Arif Rəhimzadə Azərbaycanın avtomobil sənayesində xüsusi yeri olan NAZ Lifan avtomobil zavodunun buna əyani misal olduğunu bildirib. Hər iki ölkə arasında münasibətlərin bundan sonrakı inkişafı üçün mühüm rol oynayacaq bir addımın, ölkə vətəndaşlarının qarşılıqlı səfərləri zamanı viza rejiminin qaldırılmasının Prezident İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Cinpinin siyasi iradəsinin nəticəsi olduğunu vurğulayıb. Bu hadisənin iki ölkə arasında siyasi-iqtisadi, mədəni əlaqələrin, eyni zamanda, turizmin inkişafına böyük töhfə verəcəyinə inandığını diqqətə çatdırıb. Çin Xalq Respublikası Prezidenti tərəfindən irəli sürülən böyük İpək yolunun bərpası ideyasının Azərbaycan Respublikası tərəfindən dəstəkləndiyini bildirən Arif Rəhimzadə bu istiqamətdə ölkəmizin fəal addımlar atdığını diqqətə çatdıraraq bu ilin sonunadək İpək yolunun son və əsas həlqələrindən biri kimi qiymətləndirilən Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsinin başa çatdırılacağını söyləyib.
Bu layihə başa çatdıqdan sonra Çindən Avropaya daşınan yüklərin ən qısa müddətdə, cəmi 12 sutkaya ünvana çatacağını bildirən Arif Rəhimzadə buna paralel olaraq Çin-Qazaxıstan-Ukrayna-Azərbaycan yolu ilə də yeni alternativ marşrutun artıq işə düşdüyünü bildirib. Bütün bu meqalayihələrin iki ölkə arasında münasibətləri yeni mərhələyə qaldıracağını söyləyib.
Daha sonra nümayəndə heyətinin Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) beynəlxalq əlaqələr komitəsinin sədr müavini, parlamentin Çin-Azərbaycan dostluq qrupunun sədr müavini Çen Fensian və digər şəxslərlə görüşləri olub. Görüşlərdə qədim İpək yolu vasitəsilə təməli qoyulmuş Azərbaycan-Çin dostluq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə edildi. Müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün hər iki tərəfdən siyasi iradənin mövcudluğu qeyd edilib. Bildirildi ki, ötən ilin dekabrında Azərbaycan Prezidentinin Çinə dövlət səfəri iki ölkə arasında əməkdaşlığın inkişafına və yeni səviyyəyə qalxmasına təkan verib. Həmin səfər zamanı dövlət başçıları İlham Əliyev və Si Cinpin ölkələrimiz arasında münasibətlərin daha da inkişafı ilə bağlı niyyətlərini bəyan edib, konkret istiqamətlər müəyyənləşdiriblər.
Tərəflər Azərbaycanın və Çinin beynəlxalq məsələlər müstəvisində mövqelərinin yaxınlığını qeyd edərək, hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını dəstəklədiyini vurğulayıblar. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı məsələlərinə toxunulub. Çin şirkətlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiyi vurğulanıb.
Azərbaycanın Çinin təşəbbüskarı olduğu İpək yolu iqtisadi kəməri layihəsini dəstəkləyən ilk ölkələrdən biri olduğu, bu təşəbbüsün reallaşmasına özünün logistika-nəqliyyat imkanları ilə töhfə verdiyi diqqətə çatdırılıb. Sınaq məqsədi ilə Çindən və Ukraynadan olan konteyner qatarlarının Azərbaycandan keçən marşrut üzrə son məntəqəyə uğurla çatdığı, yaxın zamanlarda inşası başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bu imkanları daha da artıracağı qeyd edilib. Görüşlərdə ölkələrimizin qanunverici orqanları və hakim partiyalar arasında münasibətlərin daha da dərinləşməsi üçün qarşılıqlı səfərlərin faydalı olduğu vurğulanıb. Bu istiqamətdə parlament rəhbərlərinin səfərlərinin təşkilinə dair təşəbbüs irəli sürülüb. Bildirilib ki, YAP ilə Çin Kommunist Partiyası arasında uzun illərdir fəal əməkdaşlıq aparılır. Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov görüşlərdə iştirak edib.
Aprel ayının 1-də nümayəndə heyəti Çin Kommunist Partiyası beynəlxalq əlaqələr şöbəsinin əməkdaşlarının müşayiəti ilə Siçuan vilayətinin Çendi şəhərində oldular. Vilayətin Quan Yuan şəhərində müasir kənd təsərrüfatı parkında olan nümayəndə heyəti yerli partiya komitəsinin rəhbərləri ilə birlikdə müasir çay plantasiyalarına gedərək çay istehsalı və emalı sənayesi ilə yaxından tanış olublar. Tərəflər bu sahədə qarşılıqlı əməkdaşlıq imkanlarından danışaraq əlaqələrin qurulmasının vacibliyini vurğuladılar. Daha sonra nümayəndə heyəti "Park Yuanba" müasir kənd təsərrüfatı parkında olaraq burada toyuqçuluq, donuzçuluq və balıqçılıq təsərrüfatı ilə tanış olublar.
Aprel ayının 4-də nümayəndə heyəti Çinin ən böyük şəhəri Şanxayda olaraq şəhər partiya komitəsinin rəhbər şəxsləri ilə görüşdülər. İki hakim partiya arasında münasibətlərin və qarşılıqlı təcrübə mübadiləsinin vacibliyindən danışan tərəflər belə təcrübənin hər iki tərəf üçün faydalı olduğunu bildiriblər. Daha sonra nümayəndə heyəti Şanxay şəhərində yerləşən Kadrların Yenidən Hazırlanması üzrə ixtisaslaşmış akademiyada olublar. Dövlət məmurları və partiya kadrları üçün ideoloji və siyasi hazırlıq institutu kimi belə qurumlara daima ehtiyac olduğunu bildirən tərəflər müasir idarəetmədə kadrların hazırlıqlı olmasının vacibliyini vurğulayıblar. Eyni zamanda, Akademiyada nümayiş etdirilən dünya xəritəsində Naxçıvan Muxtar Respublikasının Ermənistanın tərkibində göstərilməsinə nümayəndə heyətinin rəhbəri A.Rəhimzadə öz iradını bildirib. Xəta dərhal düzəldilib.
Qeyd edək ki, aprel ayının 6-da nümayəndə heyəti Pekinə, oradan isə Bakıya yola düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB