Sədaqət Vəliyeva: “Ermənistanın işğalçı siması bir daha ifşa edilməlidir”

Sədaqət Vəliyeva: “Ermənistanın işğalçı siması bir daha ifşa edilməlidir”

"Azərbaycan xalqına qələbə sevincini bəxş etmiş Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevə, qüdrətli ordumuzun əsgər və zabitlərinə dərin təşəkkürümü bildirir, həmçinin, torpaqlarımızın işğaldan azad olunması yolunda həyatlarını qurban verən, şəhidlik zirvəsinə ucalan igidlərimizə Uca Tanrıdan rəhmət diləyir, ailələrinə və yaxınlarına başsağlığı verirəm. Aprel ayının 2-dən başlayaraq, Azərbaycan ordusunun ermənilərin təxribatlarına verdiyi tutarlı cavab silahlı qüvvələrimizin şücaətini, cəsarətini, qüdrətini və ən əsası Vətən sevgisini ortaya qoydu". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, uzun illərdən sonra Azərbaycan xalqına qələbə sevincini bəxş edən ordumuzun təchizatı, hərbi hazırlığı və peşəkarlığı bir daha isbat edildi: "Azərbaycan ordusunun cəbhə xəttində mülki vətəndaşlara hücum edən ermənilərə layiqli zərbə endirməsi Ermənistandakı kriminal rejimin, anti-Azərbaycançı qüvvələrin, erməni lobbisinin ölkəmizə qarşı həyata keçirdikləri çirkin əməllərinə, cinayətlərinə sillə kimi cavab oldu. Azərbaycan ordusu xalqımızın ona olan inamını doğrultdu və düşmənin layiqli cavabını verməklə tarixi nailiyyətlərə imza atdı. Biz artıq heç çəkinmədən Azərbaycan ordusuna qalibiyyətli ordu deyə bilərik. Düşünürəm ki, 20 ildən artıq bir müddətdə aprel ayının əvvəlini Kəlbəcər rayonunun işğalı günü kimi anırdıqsa, bundan sonra hər il aprel ayının əvvəlində ordumuzun möhtəşəm qalibiyyətini qeyd edəcəyik".

"Digər tərəfdən, cəbhə xəttində baş verən hadisələr bir daha erməni xislətini ortaya qoydu. Onlar Azərbaycan ordusuna deyil, əliyalın sakinlərə, kənd əhalisinə güllə atmaqla həm qorxaqlıqlarını, həm də acizliklərini ortaya qoydular. Hesab edirəm ki, bütün faktlar və sübutlar toplanıb aidiyyatı üzrə beynəlxalq məhkəməyə, təşkilatlara göndərilməli və Ermənistanın işğalçı siması bir daha ifşa edilməlidir" - deyə Sədaqət Vəliyeva əlavə edib.

Deputat qeyd edib ki, hadisədən dolayı Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu da öz sözünü dedi. Ölkəmizə dəstək verən dövlətlərin sayının çoxluğu bir daha cənab Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən fəal diplomatiyanın və xarici siyasətin praqmatikliyini vəsəmərəliliyini ortaya qoydu.

"Bu gün cəmiyyətimizdə də ruh yüksəkliyi möcuddur. Ordumuzun düşmənə layiqli cavabları xüsusilə gəncləri hərəkətə gətirib. Onlar da ordumuza dəstək olmaq, hətta əlinə silah alıb döyüşmək əhval-ruhiyyəsindədirlər. Bütün bunlar bir daha Azərbaycan xalqının Vətən sevgisini, döyüşkən ruhunu və torpağına bağlılığını isbatlayır. Ermənistan bilməlidir ki, Azərbaycan xalqı Vətən uğrunda şəhid olmaqdan qorxmur. Çünki, bizim mövqeyimiz haqqdır və biz öz doğma, tarixi torpaqlarımız uğrunda canımızdan keçməyə hazırıq. Yəqin ki, bundan sonra ermənilər və ermənipərəst qüvvələr anlayarlar ki, bu cür milli hakimiyyəti və onun ətrafında sıx birləşmiş cəsur xalqı olan Azərbaycanı heç zaman məğlub etmək mümkün olmayacaq" – deyə vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə