Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili martın 31-də bu ölkədəki Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ilə görüşüb. SİA-nın məlumatına görə, Gürcüstan Hökuməti dəftərxanasından bildiriblər ki, görüşdə ölkədə yaşayan milli azlıqların, eləcə də etnik azərbaycanlıların inteqrasiyası, onların dövlət quruculuğu və dövlətçiliyin möhkəmləndirilməsindəki, mövcud problemlərin həllindəki rolu və digər məsələlər müzakirə olunub.
Baş nazir Gürcüstanın Avropaya inteqrasiyası və ölkədəki demokratikləşmə prosesi, eləcə də mövcud problemlər barədə danışıb, azərbaycanlıların bu proseslərdə fəal iştirakının vacibliyini qeyd edib. Bildirib ki, etnik azərbaycanlılar ölkədə gedən bütün demokratik inkişaf, inteqrasiya və quruculuq işlərində fəal iştirak etməlidirlər.
"Görüşün əsas məqsədi bu və digər məsələləri müzakirə etməkdir", - deyə, G.Kvirikaşvili vurğulayıb.
Gürcüstan Azərbaycan Ağsaqqallar Şurasını sədri İsaq Novruzov bildirib ki, görüşdə etnik azərbaycanlıların Gürcüstan dövlətinin möhkəmlənməsində, demokratiyanın inkişafında, Avropaya inteqrasiyasında maraqlı olduqları xüsusi qeyd edilib. Bildirilib ki, azərbaycanlılar bu ölkənin əzəli vətəndaşlarıdırlar və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrinin möhkəmlənməsinə çalışırlar.
Görüşdə Gürcüstan hökumətində, parlamentdə, quberniya, icra hakimiyyəti və bələdiyyələrdə azərbaycanlı kadrların təmsil olunmasının vacibliyi vurğulanıb. Baş nazir bu məsələlərin diqqətdə saxlanılacağını bildirib.
Baş nazirə "Qurani-Kərim" hədiyyə olunub.
Görüşdə Baş nazirin milli azlıqların məsələləri üzrə müşaviri Savalan Mirzəyev iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB